IQNA

“Qüds – Fələstinin paytaxtı” – İordaniya Beynəlxalq Kitab Sərgisinin şüarı

1:29 - September 28, 2025
Xəbər sayı: 3498938
İQNA - Əmmanda 2025-ci il sentyabrın 25-də 24-cü Beynəlxalq Kitab Sərgisi “Qüds – Fələstinin paytaxtı” şüarı ilə İordaniya Beynəlxalq Sərgi Mərkəzində öz işinə başlayıb.

“İQNA”-nın “əl-Ərəb əl-Cədid” saytına istinadla verdiyi xəbərə görə, sərgi İordaniya kralının nümayəndəsi qismində ölkənin mədəniyyət naziri Mustafa Ravaşdənin iştirakı ilə açılıb və 4 oktyabr 2025-ci ilədək davam edəcək.

Sərgi İordaniya Nəşriyyatçılar İttifaqının təşəbbüsü ilə İordaniya Beynəlxalq Sərgi Mərkəzi – Məkkə Mall kompleksində 22 ərəb və qeyri-ərəb ölkəsindən 400 nəşriyyat müəssisəsinin iştirakı ilə “Qüds – Fələstinin paytaxtı” şüarı altında keçirilir. Bu şüar İordaniyanın Qüds-üş-şərifdəki İslam və xristian müqəddəslərinin müdafiəsinə verdiyi dəstəyi ifadə edir.

İordaniya mədəniyyət naziri sərginin fəxri qonağı qismində Oman ölkəsinin iştirakına işarə edərək bildirib: “Oman zəngin tarixi keçmişi və müxtəlif elm sahələrindəki irsi xəzinələri səbəbilə builki sərginin fəxri qonağı seçilmişdir”.

Əmman Kitab Sərgisi İordaniya, Fələstin, Suriya, Misir, Mərakeş, Tunis, Əlcəzair və BƏƏ-dən olan sənətçilər və yenilikçilərin iştirakı ilə təşkil olunub. Burada uşaqlar üçün xüsusi proqram da nəzərdə tutulub və bu işə İordaniyanın “Abdülhəmid Şoman Fondu” nəzarət edir.

Həmçinin sərgidə fələstinli yazıçıların əsərləri iki xüsusi iclasda təqdim ediləcək: biri “Xatirə yazıçılığı – müharibədən şahidlik” mövzusunda fələstinli yazıçı və şair Əhlam Bəşarat və roman yazarı Əkrəm Müslimin iştirakı ilə, digəri isə “Beytül-Müqəddəs: sənədləşdirmədən xalq mübarizəsinə – tarix və yaddaşdan oxunuş” başlığı altında müzakirə olunacaq.

İllərdir ki, İordaniya Beynəlxalq Kitab Sərgisi “Qüds – Fələstinin paytaxtı” şüarını seçməklə beynəlxalq qanuni prinsiplərə, ədalətə və xalqların öz müqəddəratını təyin etmə haqqına dəstəyini nümayiş etdirir, həmçinin fələstinlilərin rəvayətini işğalçıların rəvayəti və onların irqi ayrı-seçkilik hərəkətlərinə qarşı səsləndirir.

4307302

captcha