“İQNA”-nın “ngearab.com”-a istinadən verdiyi xəbərə görə, bazar günü sentyabrın 28-i Qurani-Kərimin hifzi, təcvidli tilavəti və qiraəti üzrə Afrika Alimləri Fondu “Məhəmməd VI” tərəfindən keçirilən VI mərhələnin final qalibləri elan edildi. Bu yarış 26–28 sentyabr 2025-ci il tarixlərində Mərakeşin Fəs şəhərində fondun 48 Afrika ölkəsindəki filiallarının iştirakı ilə məsafədən keçirildi.
Müsabiqədə İbrahim Abdurrahman İbrahim (Efiopiya) Nafidən Vərş rəvayəti ilə tam hifz və təcvid üzrə birinci oldu. Hamed Musa Zəkəriyyə (Nigeriya) ikinci, Yəhya Məhəmməd Adam (Keniya) isə üçüncü yeri qazandı.
Tam hifz və müxtəlif qiraət-rəvayətlərlə tilavət üzrə birinci yerə İshaq İzzəddin (Efiopiya), ikinci yerə Məhəmməd Bəkari Darmi (Mali Respublikası), üçüncü yerə isə Əmir Mould Dono (Tanzaniya) layiq görüldü.
Beş cüz hifz və qiraət üzrə isə Əbubəkr Əhməd Ture (Qvineya Konakri), Əhməd Məhəmməd Heli (Keniya) və Rakuter Nderabeb Muis (Madaqaskar) müvafiq olaraq I–III yerləri tutdular.
Müsabiqənin katibliyi hər bölmədə bir iştirakçıya həvəsləndirici mükafat da təqdim etdi. Bu mükafatlara müvafiq olaraq Səd Osman Callo (Qambiya), Məhəmməd İmran İbrahim (Mozambik) və beş hizb hifz və qiraət üzrə Karli Serjio Dominqoş (San-Tome və Prinsipi – Afrikanın ikinci müstəqil dövləti) layiq görüldülər.
Katiblik həmçinin kişilər və qadınlar bölməsində ən gənc iştirakçılara xüsusi mükafat ayırdı. Qadınlar bölməsində bu mükafata Fil Dişi Sahilindən olan 11 yaşlı iştirakçı, kişilər bölməsində isə Nigeriyalı 7 yaşlı qari layiq görüldü.
Afrika Alimləri Fondu “Məhəmməd VI”-nın baş katibi Məhəmməd Rəfiqi çıxışında iştirakçıların yüksək səviyyəsinə toxunaraq bunun Afrika qitəsindəki gənclərin mərkəz və darül-Quranlarda Qurana xidmət yolunda müəllimlərin diqqət və qayğısının göstəricisi olduğunu bildirdi.
O əlavə etdi ki, bu yarışın nəticələri qənaətbəxşdir və yarışın sonunda seçilən kişi və qadın hafizlər müxtəlif bölgə və qitələrdə keçiriləcək beynəlxalq müsabiqələrdə möhtəşəm nəticələr əldə edə bilərlər.
4307767