IQNA

Misirli ustad — Liviya Quran müsabiqəsinin ilin şəxsiyyəti seçildi

9:51 - October 05, 2025
Xəbər sayı: 3498979
İQNA - Əzhərin Quran Nəzərdənkeçirmə Komitəsinin sədri Əbdülkərim Saleh “Liviya Mükafatı” beynəlxalq Quran müsabiqəsinin Quran şəxsiyyəti elan edilərək təltif olunub.

“İQNA”-nın “Roza əl-Yusif” qəzetinə istinadən verdiyi xəbərə görə, Əzhərin Quran Nəzərdənkeçirmə Komitəsinin və Misirin “Port Səid” beynəlxalq Quran müsabiqəsinin münsiflər heyətinin sədri olan Əbdülkərim Saleh, Qurana xidmət və Quran elmlərinin Misirdə, eləcə də ərəb və islam dünyasında yayılması istiqamətində gördüyü genişmiqyaslı fəaliyyətlərinə görə 13-cü “Liviya Mükafatı” beynəlxalq Quran müsabiqəsinin təşkilat komitəsi tərəfindən 2025-ci ilin Quran şəxsiyyəti seçilərək təltif edilib.

Əbdülkərim Saleh Qurani-Kərimə və onun elmlərinə xidmət sahəsində bir sıra mühüm vəzifələrdə çalışıb. O, Port Səid beynəlxalq Quran və ibtihal (dini nəğmə) müsabiqələrinin münsiflər heyətinə rəhbərlik etməklə yanaşı, Əzhər İslam Tədqiqatları Akademiyasında fəaliyyət göstərən Qurani-Kərimin Nəzərdənkeçirmə Komitəsinin də rəhbəridir.

O, həmçinin Əzhər Universitetinin Qurani-Kərim fakültəsində təfsir, Quran elmləri və qiraətlər üzrə professor, habelə həmin fakültənin Təfsir, Quran Elmləri və Qiraətlər kafedrasının sabiq rəhbəridir.

Şeyx Saleh Misirdə və onun hüdudlarından kənarda keçirilən beynəlxalq Quran müsabiqələrinin münsiflər heyətlərində iştirak edən görkəmli alimlərdən biridir. O, Məkkə, Dubay, Bəhreyn, Liviya və Sudanda keçirilən böyük müsabiqələrdə Əzhəri təmsil edib.

Bu misirli professor Misir və digər ərəb ölkələrinin universitetlərində onlarla elmi işə rəhbərlik etmiş, qiraət icazələrinin verilməsi üzrə komitələrin üzvü olmuş, eləcə də Quran elmləri və qiraətlər üzrə ixtisaslaşmış elmi jurnalların redaksiya heyətində fəaliyyət göstərmişdir. Bütün bunlar onu bu sahənin müasir dövrdəki görkəmli simalarından birinə çevirmişdir.

Misirli media fəalı Adil Musilhi bu barədə bildirib: “Bu nailiyyət Port Səid beynəlxalq Quran müsabiqələrinin böyük inkişafını əks etdirir və bu müsabiqələrin yüksək təcrübə və biliyə malik Qurani simalardan ibarət münsiflər heyətinin nüfuzunu göstərir.”

O, vurğulayıb ki, Əbdülkərim Salehin seçilməsi bu müsabiqənin beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək və yüksəldəcək.

Qeyd edək ki, Port Səid beynəlxalq Quran əzbərləmə və tilavət müsabiqəsinin 9-cu mərhələsi məşhur qari Şeyx Mahmud Əli əl-Bənnanın adı ilə 2026-cı il yanvarın 30-dan fevralın 2-dək keçiriləcək.

Bu yarışmalara Misirdən, ərəb və qeyri-ərəb ölkələrindən onlarla iştirakçı qatılacaq və tədbir geniş maraqla izləniləcək.

4308623

Teqlər: quran ، müsabiqə ، şəxsiyyət ، liviya
captcha