IQNA

İngiltərədə donuz ətinin istifadəsinin təhlükələri barədə xəbərdarlıq

7:01 - October 27, 2025
Xəbər sayı: 3499097
İQNA - İngiltərəli alimlər donuz əti istifadəsinin xərçəng riskinə səbəb ola biləcəyi barədə xəbərdarlıqların qeyd olunmasını tələb ediblər.

“Əl-Ərəb fi Britaniya” vebsaytının məlumatına görə, İngiltərədə bir qrup alim, siqaret qutularındakı xəbərdarlıqlara bənzər şəkildə, bekon və emal olunmuş ət məhsullarının qablaşdırılmasında da sağlamlıq xəbərdarlıqlarının yazılmasını istəyib. Onlar bildiriblər ki, bu məhsullara əlavə olunan kimyəvi maddələr bağırsaq xərçənginə səbəb ola bilər.

Alimlər vurğulayıblar ki, Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə emal olunmuş ət məhsullarının xərçəngə səbəb ola biləcəyi barədə açıqlamasından sonra İngiltərədə ardıcıl hökumətlər bu mövzuda ciddi addımlar atmayıblar.

2015-ci ilin oktyabr ayında ÜST-ə bağlı olan Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) emal olunmuş ət məhsullarını insanlar üçün xərçəngə səbəb olan qida kateqoriyasına daxil edib.

Bu xəbərdarlıqdan 10 il keçməsinə baxmayaraq, alimlər bildirirlər ki, İngiltərə artan sübutlara rəğmən, ətlərə əlavə olunan nitritlər — yəni ətlərin qorunması üçün istifadə edilən kimyəvi maddələrin — istifadəsinin məhdudlaşdırılması istiqamətində ciddi tədbirlər görməyib.

Mütəxəssislər iddia edirlər ki, hökumətin son on ildə tədbir görməməsi nəticəsində İngiltərədə bağırsaq xərçəngi ilə bağlı 54 min hadisə baş verib və bu, Milli Səhiyyə Xidmətinə (NHS) təxminən 3 milyard funt sterlinqə başa gəlib.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin ilk xəbərdarlığında iştirak edən dörd alim və bir neçə digər mütəxəssis İngiltərənin səhiyyə naziri Wes Streetingə məktub yazaraq nitritlərin yaratdığı təhlükənin məhdudlaşdırılması üçün cəsarətli addımlar atılmasını tələb ediblər.

Alimlər nazirə müraciət edərək, Şirkətlərin bazarda satılan vetçina və bekon paketlərinin təxminən 90-95 faizinin tərkibində olan bu kimyəvi maddələr haqqında istehlakçılara açıq şəkildə xəbərdarlıq etməyə məcbur edilməsini istəyiblər.

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi 2015-ci ildə bildirmişdi ki, gündəlik 50 qram emal olunmuş ət istehlakı yoğun bağırsaq xərçəngi riskini təxminən 18 faiz artırır.

Ümumdünya Xərçəng Araşdırmaları Fondu (WCRF) də emal olunmuş ət məhsulları ilə xərçəng riskinin artması arasındakı əlaqə barədə heç bir fikir ayrılığının olmadığını təsdiqləyib.

4312770

captcha