“İQNA”-nın Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, bu hesabat İsrail rejiminin Hökumət İşləri üzrə Koordinatorunun gündə bir milyondan çox yemək paylanması ilə bağlı iddiasına cavab olaraq təqdim olunub. Qəzzə Media Ofisi vurğulayıb ki, işğalçı rejimin özünün açıqladığı rəqəmlər belə, tətbiq olunan aclıq siyasətinə və qida axınının qəsdən nəzarət altında saxlanmasına açıq etirafdır.
Yayımlanan məlumatlara əsasən, İsrail koordinatoru gündə 1,4 milyon porsiya yemək paylandığını iddia edir. Qəzzənin 2,4 milyon nəfərlik əhalisi nəzərə alındıqda, bu miqdar yalnız 58,3 faizi əhatə edir; yəni əhalinin 42 faizi (təxminən 1 milyon nəfər) gündə heç bir qida almır.
Hətta bir dəfə yemək almaq belə yaşamaq üçün tələb olunan minimum standartdan aşağıdır. Hər porsiya üçün orta hesabla 400 qram götürülsə, gündə daxil olan ümumi qida 560 ton edir. Halbuki Qəzzə əhalisinin real ehtiyacı gündə 2400–2600 tondur.
Bu rəqəmlər göstərir ki, Qəzzəyə real qida ehtiyacının dörddə birindən daha azı daxil olur.
Gündə 3,5 milyon çörək paylanması iddiasına dair hesabat bildirir ki, hər nəfərə düşən çörək payı cəmi 1,4 kiçik çörəkdir; bu miqdar isə — əhalinin bir milyondan çoxunu təşkil edən uşaqlar üçün belə — kifayət etmir və çörəyin ciddi şəkildə normaya salındığını, vəziyyətin aclıq həddinə çatdığını göstərir.
Həmçinin bildirilib ki, bir ay ərzində 270 min qida paketi paylanıb ki, bu da cəmi 1,3 milyon nəfəri təmin edir. Qəzzədə ailələrin orta hesabla 5–6 nəfərdən ibarət olduğu nəzərə alınarsa, bu rəqəmlər hər ailəyə ay ərzində cəmi bir qida paketi düşdüyünü göstərir ki, bu da aylıq minimum ehtiyacdan qat-qat aşağıdır.
Qəzzə Hökumətinin Media Ofisi vurğulayıb ki, bu məlumatlar İsrail rejiminin humanitar öhdəliklərə və atəşkəs müddəalarına əməl etmədiyini, əksinə, yardımların daxil olmasına sistemli şəkildə mane olduğunu, qida yollarına nəzarəti ələ aldığını və aclıq siyasətini daha da ağırlaşdırdığını göstərir.
4319071