“İQNA”-nın “Sədyul-Bələd” qəzetinə istinadla verdiyi xəbərə görə, Darül-İfta vurğulayıb ki, Əhli-beyt (ə) və Allahın saleh övliyalarının, o cümlədən Seyyidə Nəfisənin mövlud mərasimlərinin keçirilməsi caizdir və bu mərasimlərdə onların yoluna təqib və iqtida vardır.
Mərkəz əlavə edib: “Buna görə də salehlərin yad edilməsinə dair şəri göstəriş mövcuddur. Allah-Təala buyurur: «Vəzkür fil-kitabi Məryəm» – Kitabda Məryəmi yad et (Məryəm surəsi, ayə 16). Məryəm (s.ə) siddiqa qadın idi, peyğəmbər deyildi.”
Darül-İfta davam edib: “Həmçinin Allahın kəlamında ilahi günlərin yad edilməsinə göstəriş vardır: «Və zəkkirhum bi-əyyamillah» – Allahın günlərini onlara xatırlat (İbrahim surəsi, ayə 5). İlahi günlərdən biri də mövlud günləridir. Çünki həmin gün varlıq neməti insana bəxş olunmuş, sonradan digər nemətlərə səbəb olmuşdur. Buna görə də həmin günü yad etmək və başqalarına xatırlatmaq, Allahın bəndələrinə verdiyi nemətlərə görə şükür etməyin bir yoludur.”
Darül-İfta Misir bundan əvvəl də fətva vermişdi ki, Peyğəmbər Məhəmmədin (s) mövlud günündə sevinc və məhəbbət ifadə etmək iman əsaslarındandır.
Mərkəz Peyğəmbərin (s) özünün doğum gününə görə Allah-Təalaya şükür etmə ənənəsinə işarə edərək bildirmişdir ki, O, bazar ertəsi günləri oruc tutardı və deyərdi: “Bu, mənim doğulduğum gündür.”
Qeyd edək ki, Seyyidə Nəfisə İmam Həsən Müctəbanın(ə) nəvəsi, Həsən ibn Zeyd ibn Həsənin qızı olmuş və Misirdə dəfn edilmişdir. Tarixi mənbələr onu abid, zahid, mühadis, xeyirxah və Qurani-Kərim hafizi qadınlardan biri kimi qeyd edirlər. O, İmam Cəfər Sadiqin(ə) oğlu İshaq Mü’təminin həyat yoldaşı idi.
Bu xanımın məzarı Qahirədə yerləşir və xüsusilə şiələr arasında məşhur ziyarətgahdır.
3 dekabr 2025-ci il Misirdə Seyyidə Nəfisənin mövlud günü elan olunmuşdur və şiələr, həmçinin sufi təriqətləri bu münasibəti qeyd edir, zikr, dua və dini ibtihal məclisləri təşkil edirlər.
Həmçinin Seyyidə Nəfisənin mövlud gecəsində Qahirədəki hərəmdə çoxlu izdiham toplaşır və Əhli-beyt (ə) sevənləri gecənin yarısına qədər mövlud oxuyaraq şadlanırlar.
4320639