IQNA

Sudani: “Hizbullah və Ənsarullahı terrorçu adlandırmaq barədə heç bir qərar olmayıb

11:28 - December 09, 2025
Xəbər sayı: 3499367
İQNA – İraqın işləri idarə edən hökumətinin baş naziri, Livan Hizbullahı və Yəmən Ənsarullah hərəkatına qarşı hər hansı hökumət qərarını təkzib edərək bildirdi: “İraqın bu qruplara qarşı siyasi mövqeyi yoxdur və onların İraqda sanksiya tətbiq edilə biləcək maliyyə vəsaiti də mövcud deyil”.

“İQNA”-nın “Şəfəq News”-a istinadla verdiyi xəbərə görə, İraqın işləri idarə edən hökumətinin baş naziri Məhəmməd Şia əl-Sudani açıqladı ki, ABŞ prezidenti Donald Tramp telefon danışığında ondan Nobel Sülh Mükafatına namizədliyini dəstəkləməsini istəyib. 

O, televiziya müsahibəsində izah etdi: “Mən Trampa İran hücumlarını dayandırmaq üçün zəng etmişdim. O, hücumların dayandırılacağına zəmanət verdi, buna görə mən onu Nobel mükafatına namizəd göstərdim”. 

Sudani vurğuladı ki, baş nazirlik vəzifəsini sırf inzibati bir işə çevirmək qəbul edilə bilməz, çünki bu, zəif hökumətin formalaşmasına səbəb olar və zəif hökumət davam gətirməz. 

O, seçicilərin iradəsinə hörmət edilməsinin vacibliyini qeyd etdi və bildirdi ki, baş naziri seçmək üçün Koordinasiya Çərçivəsinə fürsət verilməlidir, seçkilərin nəticələrini görməməzlikdən gəlmək olmaz. 

Sudani açıqladı ki, Koordinasiya Çərçivəsi seçkilərdə şiə payından 170 mandat qazanıb və hazırda bu təbəqəni təmsil edir. 

İraq baş naziri əlavə etdi ki, heç vaxt çərçivəyə qarşı çıxmayıb və hökuməti idarə edən koalisiya ilə davamlı əlaqəyə sadiq olan yeganə baş nazir olub. 

O bildirdi ki, bütün iqtisadi və xarici qərarlar bu koalisiyanın məlumatı və razılığı ilə qəbul olunub və heç vaxt fərdi şəkildə qərar verməyib. 

Regional münasibətlər barədə isə o qeyd etdi ki, İraqın Suriya böhranına qarışmaqda heç bir mənfəəti yoxdur və Dəməşqlə münasibətlərin qorunması İraqın təhlükəsizliyi üçün zəruridir. 

O vurğuladı ki, hökumətinin yanaşması dostluqların qurulması və düşmənçilikdən çəkinmək əsasında olub ki, ölkənin sabitliyi təmin edilsin. 

Sudani bildirdi ki, İraqın Şarm əl-Şeyx toplantısında iştirakı İsraillə münasibətlərin normallaşdırılması ilə bağlı olmayıb, məqsəd Qəzza müharibəsinə son qoymaq olub. 

İraqın işləri idarə edən hökumətinin baş naziri əlavə etdi ki, bu toplantıda Qəzza üçün atəşkəs elan olunub və İraq qətiyyətlə Benyamin Netanyahu-nun bu toplantıda iştirakına qarşı çıxıb. 

Sudani açıqladı ki, Koordinasiya Çərçivəsinin liderləri ona hücum etməyiblər, yalnız toplantı barədə suallar veriblər. Bəzi tərəflər isə hökuməti hədəfə almağa və ictimai rəyi çaşdırmağa çalışırlar. 

O, Livan Hizbullahı və Yəmən Ənsarullah hərəkatına qarşı hər hansı hökumət qərarını təkzib edərək bildirdi: İraqın bu qruplara qarşı siyasi mövqeyi yoxdur və onların İraqda sanksiya tətbiq edilə biləcək maliyyə vəsaiti də mövcud deyil. 

Sudani qeyd etdi ki, hamı yekdilliklə əvvəlki iqtisadi kursun səhv olduğunu qəbul edir və onun hökuməti dövründə, xüsusilə enerji, neft və sənaye sahəsində real islahatlar həyata keçirilib. 

Silahlı qrupların silahsızlaşdırılması hökumət qərarı ilə mümkün deyil 

Sudani vurğuladı ki, silahın yalnız dövlətin əlində olması konstitusion bir prinsipdir və hökuməti formalaşdırmaq məsuliyyətini qəbul etməzdən əvvəl səfirliklərə hücumlara qarşı çıxıb. 

O izah etdi ki, beynəlxalq koalisiyanın missiyasının başa çatması dünyanın İraqla əlaqələrinin kəsilməsi demək deyil və silahlı qrupların silahsızlaşdırılması hökumət qərarı ilə mümkün deyil, bu, siyasi razılaşma tələb edir. 

Sudani bildirdi ki, Nuri əl-Maliki baş nazirliyə namizəd olmaq hüququna malikdir və özü də bu hüquqa sahibdir, çünki siyasi layihəsi var. 

Sonda o vurğuladı ki, Maliki-nin üçüncü müddətə namizədliyini alqışlayır və koalisiyası həm Koordinasiya Çərçivəsi daxilində, həm də xaricində hamı ilə əməkdaşlığa hazırdır. 

4321625

Teqlər: İraq ، hizbullah ، Ənsarullah ، terrorçu
captcha