IQNA

Amerika İslam Təşkilatı Qəzzada toy mərasiminə hücumu pislədi

13:20 - December 21, 2025
Xəbər sayı: 3499443
İQNA – Amerika-İslam Əlaqələri Şurası (CAIR) sionist rejimin Qəzzada bir toy mərasiminə hücumunu pisləyib və Trampdan, həmçinin İslam ölkələrindən İsrailin cinayətlərini dayandırmaq üçün tədbir görmələrini tələb edib.

“İQNA”-nın “Amerika-İslam Əlaqələri Şurası”na (CAIR) istinadən verdiyi xəbərə görə, ABŞ-da müsəlmanların mülki və vətəndaş hüquqlarını müdafiə edən bu təşkilat İsrailin Qəzzada bir toy mərasimində azı altı nəfəri, o cümlədən bir qadını qətlə yetirməsini pisləyib. Bu hadisə guya elan olunmuş “atəşkəsin” pozulmasının daha bir nümunəsi kimi qiymətləndirilib. Hesabatlara görə, İsrail həmin hücumda bir körpəni də öldürüb. 

Vaşinqton D.C.-də yerləşən Amerika-İslam Əlaqələri Şurası bəyanatında bildirib: “Toy mərasiminin bombalanması vəhşilikdir və işğalçı İsrailin elan etdiyi ‘atəşkəsin’ tamamilə mənasız olduğunu göstərir. Mülki şəxslərin qəsdən qətlə yetirilməsi, prezident Tramp və atəşkəsi təmin edən müsəlman ölkələrinin təcili tədbir görməsinin zəruriliyini ortaya qoyur.” 

Hesabatda daha sonra qeyd olunur: “İşğalçı İsrail cəzasızlıqla Qəzzada insanları öldürməyə davam etdiyi müddətdə heç bir real atəşkəs mövcud ola bilməz. Hökumətimiz və beynəlxalq ictimaiyyət bu cinayətləri dəstəkləməkdən əl çəkməli, bütün hücumların dərhal dayandırılmasını və bu müharibə cinayətlərinə görə cavabdehlik tələb etməlidir.” 

Amerika-İslam Əlaqələri Şurası cümə günü bütün amerikalılara müraciət edərək, Konqresdən İsrail rejimini Qəzzaya qış avadanlıqları və humanitar yardımların daxil olmasına mane olmamağa məcbur etməsini istədi. Çünki uşaqlar qışın ağır şəraiti və İsrail mühasirəsi səbəbindən soyuqdan həyatlarını itirirlər. 

İsrail “atəşkəs” elanından sonra Qəzzada təxminən 400 nəfəri qətlə yetirib. Qəzza müharibəsi zamanı sionist rejimin ordusu əsasən qadın və uşaqlardan ibarət olan 70 mindən çox insanı öldürüb. Məlumatlı mənbələrin bildirdiyinə görə, real itki sayı bundan da çoxdur. 

4324120

captcha