“İQNA”-nın “əl-Vətən” qəzetinə istinadən verdiyi xəbərə görə, Menufiya vilayətinin Şibin əl-Kum şəhərinə bağlı Kafr Şənuvan kəndinin sakinləri, evlərində qaz sızmasından dünyasını dəyişən üç azyaşlı bacının xatirəsinə Qurani-Kərim hifzi və tilavəti müsabiqəsi təşkil edirlər.
Bu müsabiqə Ramazan ayında “Cənnət quşları” adı ilə keçirilir və qaz hadisəsi nəticəsində həyatını itirmiş bu üç bacının ailəsi ilə həmrəylik və paylaşma rəmzi kimi dəyərləndirilir.
Müsabiqə geniş ictimai iştirakla həyata keçirilir və məqsəd xeyirxahlığı yaymaq, uşaqları Allahın kitabını əzbərləməyə təşviq etməkdir.
Kafr Şənuvan kəndində müsabiqənin təşkilatçılarından biri olan Məhəmməd əl-Ərəbi əl-Vətən qəzetinə bildirib ki, hər şey bu üç qızın anasının sosial şəbəkələrdə Qurani-Kərim müsabiqəsi ilə bağlı paylaşımından başladı. O yazmışdı: “Allah sizi qorusun, şeyx Məhəmməd. Allaha and olsun ki, bu çox gözəl tədbirdir. Qızım bu il Qurani-Kərimin yarısını əzbərləyərək müsabiqədə iştirak etməyi düşünürdü, lakin bu fürsəti tapa bilmədi.”
Əl-Ərəbi vurğulayıb ki, bu üç bacının şərəfinə Qurani-Kərim böyük müsabiqəsinin təşkilat komitəsi onun adını “Cənnət quşları” qoymağa qərar verib ki, onların xatirəsi əziz tutulmuş olsun.
O əlavə edib: “Heç bir söz ailənin qəlbindəki ağrının böyüklüyünü təsvir edə bilməz. Biz Allahın böyük mükafatına inanırıq – sizin səbrinizə görə və qızlarınızı Allahın bəndələri bildiyiniz üçün onların Cənnətdəki payı daha çox və daha gözəldir, Rəbbimizin yanında məqamları daha uca olacaq.”
Əl-Ərəbi xatırladıb ki, bu müsabiqə hər il Ramazan ayında hafizləri ucaldmaq məqsədilə keçirilir, heç bir təşkilat və quruma bağlı deyil, kənd sakinləri tərəfindən tamamilə könüllü şəkildə təşkil olunur.
O həmçinin bildirib ki, qaliblər üçün dəyərli mükafatlar, o cümlədən ümrə ziyarəti nəzərdə tutulub və Ramazanın sonunda ən yaxşıların təltif mərasimi keçiriləcək.
Hadisə zamanı Kafr Şənuvan kəndinin sakinləri olan üç bacı – 10 yaşlı İhdəa, 8 yaşlı Huda və 5 yaşlı Muvəddə evlərinin hamam vannasında qaz sızmasından boğularaq həyatlarını itiriblər. Onlar dərhal Şibin əl-Kum Tədris Xəstəxanasına aparılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb.
4324626