“İQNA”, “Şəhab” Fələstin xəbər agentliyinə istinadən xəbər verir ki, Həmasın sözçüsü Hazim Qasim bəyan etdi ki, sionist rejim və ABŞ tərəfindən İrana qarşı həyata keçirilən hücumlarda məktəblərin hədəf alınması, Qəzza zolağına qarşı aparılan müharibədə tətbiq edilən eyni siyasətin təkrarıdır.
Qasim açıqlamasında dedi ki, son hücumlarda məktəblərin qəsdən hədəf alınması, sionist rejimin Qəzzada həyata keçirdiyi “soyqırım müharibəsi”ndəki davranışın davamıdır; elə bir müharibə ki, onun sözlərinə görə, yüzlərlə məktəb vurulmuş və minlərlə insan həmin təhsil ocaqlarında şəhid olmuşdur.
Həmas sözçüsü həmçinin beynəlxalq ictimaiyyətin “utandırıcı sükutunu” tənqid edərək bildirdi: Qəzzada baş verənlər qarşısında olduğu kimi, indi də İranda yaşanan hadisələrə münasibətdə eyni sükut müşahidə olunur.
O vurğuladı ki, bu sükut beynəlxalq ictimaiyyətin bölgədə mülki şəxslərə qarşı hücumların təkrarının qarşısını almaqda aciz olduğunu göstərir.
Son günlərdə ABŞ və sionist rejimin İrana qarşı təcavüzünün artması ilə eyni vaxtda bəzi yaşayış məntəqələri və mülki obyektlər hədəf alınmışdır. Bu hücumların ən acı nümunələrindən biri Minab şəhərində yerləşən “Şəcərə Təyyibə” qız məktəbinin dərs saatı zamanı vurulması idi ki, nəticədə bir sıra azyaşlı şagirdlər şəhid olmuş və yaralanmışdır.
Bu hadisə geniş ictimai kədər və qəzəb doğurdu və xüsusilə uşaqlar olmaqla mülki şəxslərin hədəfə alınması ilə bağlı narahatlıqları yenidən artırdı.
4338996