“İQNA”-nın “El Diario” saytına istinadən verdiyi xəbərə görə, Madrid Beynəlxalq Assambleyası tərəfindən təşkil olunan və paytaxtın əsas küçələrindən bəzilərində keçirilən etiraz aksiyasında iştirakçılar çoxsaylı plakatlar daşıyırdı və onların əksəriyyətində “Müharibəyə yox” sözləri yazılmışdı.
Aksiya iştirakçıları İranda müharibəyə, ABŞ prezidenti Donald Trampın müdaxiləsinə və həmçinin faşistlərə qarşı şüarlar səsləndiriblər.
İspaniyanın Podemos partiyasından Avropa Parlamenti üzvü İrene Montero də etiraz aksiyasına qatılaraq, İspaniyanın baş naziri Pedro Sançesin hökumətini NATO-dan çıxmağa çağırıb və ABŞ qüvvələrinin Rota (Kadiz) və Moron de la Frontera (Sevilya) bazalarını tərk etməsini tələb edib.
O xəbərdarlıq edib: “Biz NATO-da olduğumuz müddətdə — istəsək də, istəməsək də — müharibənin içindəyik. ABŞ qüvvələri İspaniya bazalarında olduğu müddətdə — istəsək də, istəməsək də — Trampın və Netanyahu-nun cinayətlərində şərik sayılırıq.”
Ötən həftə də Madriddə və İspaniyanın digər şəhərlərində minlərlə insan, mədəniyyət və siyasət xadimləri ilə birlikdə, etiraz aksiyalarında iştirak edərək İranda müharibənin dayandırılmasını tələb etmişdi.
Bu etirazlardan bir neçə gün əvvəl İspaniyanın baş naziri bəyan etmişdi ki, ABŞ-ın Rota (Kadiz) və Moron (Sevilya) bazalarından İrana qarşı hücum əməliyyatları üçün istifadə etməsinə icazə verməyəcək. Bu qərar Madrid və Vaşinqton arasında diplomatik gərginliyə, hətta iqtisadi təhdidlərə səbəb olmuşdu.
Sançes hökumətin mövqeyini bir neçə kəlmə ilə belə ifadə etmişdi: “Müharibəyə yox.”
4342323