“İQNA”‑nın məlumatına görə, “24” xəbər saytı Bəhreynin terror cinayətləri üzrə prokurorluğunun rəhbərinə istinadən yazıb ki, İranın ABŞ bazalarına qarşı hücumlarını dəstəklədiklərinə görə bir neçə Bəhreyn vətəndaşına 5 il həbs və 500 dinar cərimə cəzası kəsilib.
Bəhreyn Cinayət Məhkəməsi həmçinin bu şəxslərə İranın Bəhreyndəki ABŞ bazalarına hücumları ilə eyni vaxtda ölkədə iğtişaşlarda iştirak, xüsusi mülklərə ziyan vurmaq və digər oxşar ittihamlar irəli sürüb.
Bununla əlaqəli digər işlərdə isə Ali Cinayət Məhkəməsi İranın Bəhreyndəki ABŞ bazalarına hücumlarını təqdir və təsdiq etmək ittihamı ilə bağlı 9 ayrı cinayət işi üzrə qərarlar çıxarıb. Bu şəxslər qadağan olunmuş məkanların görüntülərini çəkmək, İrana dəstək bəyanatları yaymaq kimi ittihamlarla mühakimə olunublar.
Bəhreynin terror cinayətləri üzrə prokurorluğunun məlumatına görə, məhkəmə 10 nəfəri 10 ilədək həbs cəzasına məhkum edib, bəzilərinə 2 min dinar cərimə tətbiq olunub, bir neçə nəfərin əmlakı müsadirə edilib və 3 nəfər cəzanın icrasından sonra ölkədən daimi olaraq deportasiya olunub.
Bəhreyn məhkəmə xidməti açıqlamasında bildirib ki, istintaq, kibercinayətlərlə mübarizə idarəsinin sosial şəbəkələrdə İranın hücumlarını dəstəkləyən paylaşımlar, qadağan olunmuş obyektlərin şəkil və videoları, eləcə də İrana dəstək bəyanatları yayan hesabları müəyyən etməsindən sonra başlanıb.
Baş prokuror hədələyici tonda bəyan edib ki, ictimai təhlükəsizliyi təhdid edən və ya qadağan olunmuş məlumat yayan hər kəsə qarşı cinayət tədbirləri görüləcək.
O həmçinin iddia edib ki, fikir və ifadə azadlığı qanun çərçivəsində təmin olunur, lakin ölkənin təhlükəsizliyi və sabitliyinə zərər vurduğu halda məhdudlaşdırılır.
Xatırladaq ki, ABŞ və İsrail Bəhreyndəki hərbi bazalarından istifadə edərək İrana hücum etdikdən sonra, İran həmin bazaları raket və PUA zərbələri ilə hədəfə almışdı. Bu cavab əməliyyatı Bəhreyn xalqı arasında geniş ictimai dəstək qazanmışdı.
4351916