“İQNA”-nın “Arabi21”-ə istinadən verdiyi xəbərə görə, bir neçə ərəb və islam ölkəsi bazar günü yaydıqları birgə bəyanatda Somalilənd adlı özünüidarə bölgəsinin işğal altındakı Qüdsdə səfirlik açmaq qərarını ən sərt şəkildə qınayıb və bunu beynəlxalq hüququn və BMT qətnamələrinin açıq şəkildə pozulması adlandırıb.
Səudiyyə Ərəbistanı, Misir, Qatar, İordaniya, Türkiyə, Pakistan, İndoneziya, Cibuti, Somali, Fələstin, Oman, Sudan, Yəmən, Livan və Mavritaniya xarici işlər nazirləri tərəfindən imzalanan bu bəyanatda vurğulanır ki, bu addım “işğal altındakı Qüdsün hüquqi və tarixi statusunun birbaşa pozulmasıdır.”
Bəyanatı imzalayan ölkələr işğal altındakı Qüdsdə hər hansı diplomatik nümayəndəliyə legitimlik vermək məqsədi daşıyan bütün addımları tam şəkildə rədd etdiklərini bildiriblər. Onlar vurğulayıblar ki, BMT Təhlükəsizlik Şurasının xüsusilə 242 və 478 saylı qətnamələrinə əsasən, Şərqi Qüds 1967-ci ildə işğal edilmiş Fələstin torpaqlarının bir hissəsidir.
19 may tarixində Somalilendin İsraildəki səfiri Məhəmməd Hacı elan etmişdi ki, bölgə öz səfirliyini Qüdsdə açacaq və bu, Somaliləndin dünyada açdığı ilk səfirlik olacaq.
Bu açıqlama İsrail rejiminin 2025-ci ilin dekabrında Somaliləndi rəsmi şəkildə “müstəqil dövlət” kimi tanımasından bir neçə ay sonra verilib.
İsrail rejiminin xarici işlər naziri Gideon Saar isə bildirib ki, Somalilənd səfirliyinin açılması iki tərəf arasında münasibətlərin gücləndirilməsi istiqamətində mühüm addım olacaq və bu, işğal altındakı Qüdsdə açılan səkkizinci İsrail səfirliyi olacaq.
4354162