İQNA – Misirin təhsil naziri şagirdlər ilə Quran arasında təhsilin ilk illərindən etibarən dərin bir bağ yaradılmasının zəruriliyini vurğulayaraq, əsas fənlərin tədrisi ilə yanaşı, tərbiyəvi və əxlaqi dəyərlərə köklənməyin vacibliyini qeyd edib və ölkənin ibtidai məktəblərində altı illik təhsil müddətində Quranın azı iki cüzünün əzbərlənməsinin vacib olduğunu bildirib.
“İQNA”, "Əl-Vəfd"ə istinadən xəbər verir ki, Misirin təhsil naziri Məhəmməd Əbdüllətif məktəblərdə dini təhsilin rolunun gücləndirilməsinin vacibliyini və ibtidai sinif şagirdlərinin Quranı əzbərləməsinə diqqət yetirilməsinin zəruriliyini vurğulayıb. O, bildirib ki, bu addım elmi və təhsil nailiyyətləri ilə yanaşı, şəxsiyyətin formalaşdırılması, əxlaqi dəyərlər və prinsiplərin aşılanması istiqamətində daha geniş bir öhdəliyin bir hissəsidir.
Nazir qeyd edib ki, Quran ayələrinin əzbərlənməsi təqdirəlayiqdir və bu, uşaqlara və şagirdlərə ərəb dili bacarıqlarını inkişaf etdirməyə kömək edir. O, gələcəkdə bu miqdarın artırılacağına ümid etdiyini bildirib.
Təhsil naziri əlavə edib ki, bu, yeni qərar deyil, çünki bu tədris proqramı ötən 2025-2026-cı tədris ilindən müəyyən edilib.
Bu istiqamətdə Misirin təhsil naziri "Dini təlimlər" dərsini günün ilk dörd dərsi ərzində, xüsusən də birinci, ikinci, üçüncü və ya ən geci dördüncü dərs kimi planlaşdırmağı əmr edib. Bu təlimat məktəb cədvəlinin elə tənzimlənməsini tələb edir ki, şagirdlər dini dərslərini günün sonunda deyil, məhz təhsil gününün əvvəlində keçsinlər. Beləliklə, bu dərsin faydasını maksimuma çatdırmaqla yanaşı, şagirdlərin daha yaxşı iştirakı və aktivliyi təmin edilir.
Nazirliyin göstərişləri gündəlik proqramları həyata keçirən məktəblərə də şamil edilir; belə ki, "Dini təlimlər" dərsi hər məktəbin xüsusi cədvəlinə uyğun olaraq ilk dörd dərsdən birinə daxil edilməlidir.
Bu təlimatlar dini təhsilə sadəcə akademik məzmunla bağlı bir bilik kimi deyil, şagirdlərin dəyərlər, əxlaq və müsbət davranışları da daxil olmaqla inkişaf və tərbiyə çərçivəsinin ayrılmaz bir hissəsi kimi yanaşılmasının vacibliyini vurğulayır.
Valideynlər yeni tədris ilində bu göstərişlərin məktəblərdə icrası ilə bağlı detalları, xüsusilə ibtidai sinif şagirdlərinin Quranın iki cüzünü əzbərləməsinə nəzarət mexanizmlərini və dini dərslərin cədvəlini gözləyirlər.
4370404