IQNA

İndoneziyanın ən yaşlı zəvvarı

10:46 - May 28, 2025
Xəbər sayı: 3498262
İQNA – 109 yaşlı İndoneziyalı qadın bu il Həcc ziyarətini yerinə yetirmək üçün Vəhy diyarındadır.

“Antaranews” xəbər verir ki, builki Həcc ziyarətini yerinə yetirəcək ən yaşlı zəvvar dünyanın ən çox əhalisi olan müsəlman ölkəsi İndoneziyadan gəlib.

İndoneziyanın Yava adasından olan Sambuk nənəsi kimi tanınan 109 yaşlı qadın 2025-ci ilin ən yaşlı Həcc zəvvarı olub. Zəif addımlarına və eşitmə qabiliyyətinin azlığına baxmayaraq, qətiyyəti heç vaxt sarsılmazdı.

Əlil arabası və xüsusi köməkçinin dəstəyi ilə Cakarta Həcc və Ümrə Rəhbərlik Qrupu (KBIHU) ilə səyahətinə başlayan yaşlı qadın, “Duam, həccimin Allah tərəfindən qəbul olunmasıdır” dedi.

Keçən il daha bir ilham verən şəxs Həcc ziyarətini yerinə yetirmək üçün Mədinədə Şahzadə Məhəmməd bin Əbdüləziz Beynəlxalq Hava Limanında hərarətlə qarşılanan 104 yaşlı iraqlı Kazimiyə Hatim idi.

Səudiyyə Ərəbistanında olmaqdan xoşbəxt olduğunu dilə gətirən qoca Məscidün-Nəbini ziyarət edib, daha sonra Hərəmeyn qatarı ilə Məkkəyə yola düşüb.

Builki həccin tarixin ən böyük həcc mərasimi olacağı gözlənilir və Səudiyyə Ərəbistanı 2,5 milyondan çox zəvvar gözləyir. Ən yüksək kvota 221 min nəfərlə İndoneziya, 180 min nəfərlə Pakistan, 175 min nəfərlə Hindistan, 127 min nəfərlə Banqladeş, 95 min nəfərlə Nigeriya və 87 min 550 nəfərlə İrandır.

Mayın ortalarına qədər İndoneziya, Pakistan və Banqladeşdən 220 mindən çox zəvvar gəlib. Bu, pandemiyadan sonra bütün dünya müsəlmanlarının bu müqəddəs ibadəti yerinə yetirmək istəyinin artmasına işarə edir.

Yaşlı zəvvarlar bu səfərdə bəzi ehtiyat tədbirləri görməlidirlər. Səudiyyə qaydalarına görə, 65 yaşdan yuxarı insanlar yol yoldaşı ilə, qadınların isə 45-60 yaş arası qadın yoldaşı ilə səyahət etməsi tələb olunur.

Zəvvarlara fiziki sağlamlıqlarını qorumaq üçün məcburi tibbi müayinələr, nəmləndirmə, kölgəli istirahət yerləri, intensiv isti saatlardan (günorta 12:00-15:00) qaçmaq, təvaf və səy kimi ağır dini ayinlər zamanı əlil arabalarından istifadə etmək kimi praktiki tədbirlər tövsiyə olunur.

4284551

Teqlər: indenoziya ، yaşlı ، zəvvar ، həcc ، məkkə
captcha