“İQNA”-nın Livanın rəsmi xəbər agentliyinə istinadla verdiyi xəbərə görə, baş nazir Nəvvaf Salam, Beyrutun “ər-Ravşə” bölgəsində Hizbullahın şəhid baş katibi Seyid Həsən Nəsrullahın ildönümü mərasimində baş verənlərlə bağlı mövqe bildirib.
Nəvvaf Salam sosial şəbəkə “X”də paylaşdığı ismarıcda yazıb: “Baş verən hadisələr Beyrut valiliyinin verdiyi icazədə göstərilən şərtlərin açıq-aşkar pozulmasıdır. Çünki verilmiş icazədə “ər-Ravşə” qaya massivinin qurudan, dənizdən və havadan işıqlandırılması, həmçinin onun üzərinə hər hansı təsvirlərin əks olunması qadağan edilmişdi”.
Baş nazir iddia edib ki, ən azı baş verənlər təşkilatçılar və onların tərəfdarları, o cümlədən Hizbullah tərəfindən elan olunmuş öhdəliklərin pozulmasıdır və bu, dövlət və ölkənin rəsmi qurumları qarşısında onların etibarlılığına təsir edə biləcək yeni bir pozuntu sayılır.
Bu səbəbdən o, ölkənin daxili işlər, ədliyyə və müdafiə nazirliklərinə göstəriş verib ki, tədbirin təşkilatçıları barəsində həbs və istintaq tədbirləri həyata keçirilsin.
Qeyd edək ki, Hizbullah tərəfdarları mərhum Seyid Həsən Nəsrullahın və onun silahdaşlarının şəhadətinin birinci ildönümü münasibətilə Beyrutun “ər-Ravşə” qaya massivinin qarşısında toplaşmışdılar. Tədbirdə qaya üzərinə Hizbullahın mərhum baş katibinin təsvirləri işıqlandırılmışdı.
Mərasimdə Hizbullah tərəfdarları Livan, İran və Hizbullah bayraqlarını, həmçinin şəhid Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyəddinin şəkillərini dalğalandırıblar.
4307160