IQNA

Pakistanda “İmam Hüseyn (ə)” Mədəniyyət Mərkəzinin açılışı

11:49 - October 25, 2025
Xəbər sayı: 3499091
İQNA - Müqəddəs İmam Hüseyn (ə) Hərəmi, İslam birliyini gücləndirmək və insani əlaqələri möhkəmləndirmək məqsədilə Pakistanda “İmam Hüseyn (ə)” Mədəniyyət Mərkəzini açıb.

“İQNA”-nın verdiyi xəbərə görə, “İmam Hüseyn (ə)” Mədəniyyət Mərkəzi Pakistanın “Əlkövsər” İslam Universiteti ilə əməkdaşlıq çərçivəsində təsis edilib.

Açılış mərasimi Pakistan üzrə Mərceyi-Təqlid Ayətullahül-üzma Seyid Əli Sistaninin nümayəndəsi Şeyx Ənvər Nəcəfi və müxtəlif məzhəb və qruplardan olan ruhanilər, ziyalılar, universitet müəllimləri və cəmiyyətin müxtəlif təbəqələrinin geniş iştirakı ilə keçirilib.

Tədbirdə İmam Hüseynin (ə) birlik çağırışına istinad edərək İslam məzhəbləri arasında dinc birgəyaşayışın vacibliyinə dair elmi məqalələr təqdim olunub.

Müqəddəs İmam Hüseyn (ə) Hərəminin nümayəndəsi Şeyx Əli Qərəvi çıxışında qeyd edib ki, İmam Hüseyn (ə) ümməti birliyə və təfriqədən uzaq durmağa çağırıb və Kərbələni insanlıq və xalqlar arasında həmrəylik üçün bir bəşəriyyət nur minarəsi kimi təqdim edib.

Ayətullah Sistaninin Pakistan nümayəndəsi Şeyx Ənvər Nəcəfi də Hüseyniyyə Astanəsinin heyətini salamlayaraq onların dünyada məhəbbət və sülh mədəniyyətinin yayılması istiqamətində davamlı səylərini yüksək qiymətləndirib. Ardınca Astanənin humanitar və ictimai layihələrinə dair sənədli filmlər nümayiş olunub.

Müqəddəs İmam Hüseyn (ə) Hərəminin media şöbəsinin rəhbəri ustad Abbas Əl-Xəffaci çıxışında bu mərkəzin təsisindən böyük qürur duyduğunu bildirərək deyib: “Bu mərkəz Astanə ilə Pakistan xalqı arasında mədəni və media körpüsü olacaq.”

“İmam Hüseyn (ə)” Mədəniyyət Mərkəzinin açılış mərasimi Ərbəin ziyarəti və İmam Hüseyn (ə) zəvvarlarına göstərilən xidmətlər barədə hazırlanan sənədli filmin təqdimatı ilə, geniş və qarşılıqlı ünsiyyət dolu bir atmosferdə başa çatıb.

4312566

captcha