IQNA

Qurani-Kərimdə İstiğfar / 8

İstiğfarın İlahi Rəhməti cəlb etməsi

11:03 - December 31, 2025
Xəbər sayı: 3499512
İQNA – İstiğfarın təsiri yalnız günahların bağışlanması ilə məhdudlaşmır, həm də insanın Allahın xeyir və rəhmətinə çatmasına mane olan əngəlləri aradan qaldırır.

İstiğfarın təsirlərindən biri Rəbbin rəhmətini cəlb etməkdir. Həzrət Saleh (ə) öz qövmünü Allahın əzabından qorxudurdu, lakin onlar deyirdilər: “O əzabı ki, vəd edirsən, bizə gətir.” O isə cavab verdi: 

«قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ»

(Ey qövmüm! Niyə yaxşılıqdan öncə pisliyi tezləşdirirsiniz? Niyə Allahdan bağışlanma diləmirsiniz ki, bəlkə rəhmətə nail olasınız?) (Nəml: 46).   

Qurandakı ayələrin başlanğıc və sonuna diqqət etməklə əməllərin təsirini kəşf etmək mümkündür. Bir çox ayələrdə başlanğıcda istiğfara işarə olunmuş, sonunda isə bağışlanma ilə yanaşı Allahın rəhmətinə də toxunulmuşdur: 

- «وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ» (Bəqərə: 199) 

- «وَاسْتَغْفِرِ اللَّهَ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا» (Nisa: 106) 

Burada sual yaranır: İstiğfarla İlahi rəhmət arasında nə əlaqə var? 

Cavab budur ki, günah insanla Allahın rəhməti arasında bir pərdədir. Bu pərdə aradan qalxdıqda, İlahi rəhmət insana yetişir. Daha yaxşı anlamaq üçün təsəvvür edək ki, Allahın rəhmət və ruzisinin bəndəyə enmə yolu bir dəhliz kimidir; günah və itaətsizlik bu yolu bağlayır. Deməli, istiğfar yalnız günahların bağışlanması deyil, həm də insanın xeyir və rəhmətə çatmasına mane olan əngəlləri aradan qaldırır. 

Həzrət Əmirəlmöminin Əli (ə) Kumeyl duasında belə deyir: 

«اَللّهُمَّ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُغَيِّرُ النِّعَمَ» 

(İlahi! Nemətləri dəyişdirən günahları mənə bağışla.) 

Bəzi ayələrdə qeyd olunur ki, insan istiğfardan sonra Allahın rəhmətini dərk edir: 

- «وَمَن يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَّحِيمًا»

(Kim pis iş görsə və ya özünə zülm etsə, sonra Allahdan bağışlanma diləsə, Allahı çox bağışlayan və rəhmli olaraq görəcəkdir.) (Nisa: 110)    

Başqa bir ayədə isə fərdin istiğfarı ilə Peyğəmbərin (s) istiğfarı birgə olduqda Allahın rəhmətini cəlb edən amil kimi təqdim olunur: 

- «فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَّحِيمًا»

(Onlar Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün istiğfar etsəydi, Allahı tövbələri qəbul edən və rəhmli olaraq görəcəkdilər.) (Nisa: 64) 

3495318

captcha