“İQNA”, “Nücəba” Hərəkatının informasiya bazasına istinadən xəbər verir ki, İcra Şurasının sədri Şeyx Nazim əs-Səidi Hac Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin şəhadətinin altıncı ildönümü, həmçinin Nücəbanın hərbi müavini Əbutəqvanın şəhadətinin ikinci ildönümü münasibətilə keçirilən yürüşdə bəyan edib: “Biz bu gün mərsiyə oxumaq üçün toplaşmamışıq, biz şəhidlərin qanından zülm taxtını silkələyəcək bir əzm yaratmaq üçün buradayıq.”
O, Əbutəqvanın ruhunun ümmətin damarlarında axdığını və Amerikanın cinayətlərinin heç vaxt onların irəliləməsinə mane olmayacağını bildirərək deyib: “Hacı Qasim və Əbu Mehdi mirası – izzət və şərəfdir. İraq torpağında şəhidlərin hər bir damla qanından minlərlə mücahid qalxır.”
Əs-Səidi qeyd edib: “Nücəba təşkilatı gələcək Əbutəqvalar, İmam Zamanın (ə.f) ehtiyat ordusu və müqəddəsatımızın qoruyucularıdır ki, cihad bayrağını çiyinlərində daşıyırlar.”
O, müqavimət silahını İraqın təhlükəsizliyi və suverenliyinin təminatçısı adlandıraraq, bu silahın yalnız düşmənlərin və işğalçıların sinəsini hədəf aldığını vurğulayıb və əlavə edib: “Bu elə bir silahdır ki, başqaları məğlub olduqda İraqın torpağını və namusunu xilas etdi.”
Nücəba Hərəkatının İcra Şurasının sədri vurğulayıb: “Bu silah şəhidlərin əmanətidir və yalnız onun şəri sahibi Həzrət Höccətə (ə.f) təhvil veriləcək. Silahlı müqavimət strateji və geri dönməz bir seçimdir. Biz şəhadət mədəniyyətini boş siyasi vədlərə qurban verməyəcəyik və cihad dilini barışıq dilinə çevirməyəcəyik.”
O deyib: “Biz işğalçı Amerika, sionist rejim və onların muzdurları ilə heç bir alver və ya danışıqları qəbul etmirik və sərhədlərin o tayından heç bir qərar bizə diktə olunmayacaq.”
Əs-Səidi əlavə edib: “Vicdan sahiblərindən, cihad keçmişi olanlardan istəyirik ki, ötəri vəzifələr naminə tarixi məsuliyyətlərini görməzlikdən gəlməsinlər və şəhidlərin qanını unutmasınlar.”
4326667