“İQNA”-nın “nna-leb”-ə istinadən verdiyi xəbərə görə, mənəvi bir atmosferdə keçirilən bu müsabiqə Tripoli, Akkar və Şimali Livandan olan şagirdləri, valideynləri, dini və ictimai fəalları bir araya gətirib.
Bu ilki yarışma şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və 205 məktəbdən 3 660 qız və oğlan şagird iştirak edib.
İştirakçılar 140 ixtisaslaşmış komitə tərəfindən qiymətləndirilib və təşkilatçılar bu geniş iştirakın yeni nəslin Quran dəyərləri əsasında yetişdirilməsinə artan diqqətin göstəricisi olduğunu bildiriblər.
Livan İslam Təhsili Assosiasiyasının rəhbəri Fəvaz Ömər çıxışında müsabiqənin 42-ci dövrəsinin uğurla keçirilməsinə işarə edərək, övladlarında dini dəyərləri möhkəmləndirməyə çalışan ailələrə təşəkkür edib.
Akkar müftisi Şeyx Məhəmməd İmam vurğulayıb ki, bu müsabiqə təhsil və dini fəaliyyətlərdə qabaqcıl bir modeldir və şagirdlərin geniş iştirakı onun Şimali Livandakı əhəmiyyətini göstərir.
O əlavə edib: Qurana diqqət yetirmək, ölkəsinə xidmət edə bilən və qarşıdakı çətinliklərlə mübarizə aparmağa qadir saleh fərdlər yetişdirmək deməkdir.
Şeyx Məhəmməd İmam bildirib: Bu müsabiqə nəsilləri Quranla bağlayan mühüm bir təhsil mərhələsidir və cəmiyyəti azğınlıqdan qorumaqla yanaşı, öz kimliyinə sadiq, ayıq və şüurlu bir nəslin yetişdirilməsi üçün hərtərəfli bir layihədir.
Mərasimin sonunda iştirak edən heyət “İman Məktəbləri Kompleksi”ndə yerləşən imtahan komitələrini ziyarət edib və iştirakçıların tilavətlərini dinləyib.
Bu ilki müsabiqənin diqqətçəkən xüsusiyyətlərindən biri tilavətlərin dinlənilməsi üçün xüsusi bir elektron proqramın (mobil tətbiqin) təqdim olunması olub.
4353146