İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İŞİD təkfirçi terrorist qruplaşması İslamdan ifratçı və radikal oxunuşu sırasında peyğəmbər və övliyaların qəbrilərini, hüseyniyyələri və məscidləri dağıtdıqdan sonra çox axmaq bir addım ataraq Quran-Kərimin yenidən yazılması iddiası ilə çıxış etmişdir. İŞİD ünsürləri iddia edirlər ki, bəzi ayələr ruhanilər və dini başçılar tərəfindən "Məsihiyyət" kimi digər dinlərə xidmət etmək üçün təhrif edilmişdir ki, bu ayələri Qurandan çıxarmaq lazımdır. İŞİD bu iddiasında bildirib ki, "əl-Kafirun" surəsi və "Təthir" ayəsi də Qurandan çıxarmaq istədikləri ayə və surələr sırasındadır.
Bu barədə İQNA olaraq Nəcəf elmi hövzəsinin və İraqın tanınmış və nüfuzlu alimlərindən olan Ayətullah Şeyx Fazil Maliki ilə müsahibəmizdə İŞİD təkfirçi terrorist qruplaşmasının radikal düşüncələri, vəhşi cinayətləri və son iddiaları barədə fikrlərini soruşduq.
Ayətullah Şeyx Fazil Maliki İQNA ilə müsahibəsində son zamanlarda İŞİD-in Quran ayələrindən bəzisinin Qurandan çıxarılması barədə iddiasına cavab olaraq bildirdi ki, "Quran-Kərim bütün bəşəriyyət üçün əbədi olaraq göndərilmiş İlahi vəhy və qanunlardır. Tarix boyu hər bir təhrifdən amanda qalmışdır. Allah-Taala Hicr surəsinin 9-cu ayəsində Quran-Kərimin Qiyamətədək qorunacağına və bu müqəddəs kitabın təhrifdən kənar qalacağına təkid edir. Buna görə də İŞİD tərəfindən olunan bu iddia Quranın təhrifolunmama ecazkarlığı ilə daban-dabana ziddir. İŞİD-in Quranın yenidənyazılması barədə iddiası bu İlahi kitaba qarşı ehtiramsızlıq və təhqirdir.
Quran-Kərim İslamın əsasıdır, Quran və Əhl-Beyt (ə) bir-birinin kənarında dinin sütunlarıdırlar. Buna görə də bütün müsəlmanların vəzifəsidir ki, bu iddiaya qarşı etiraz etsinlər və xüsusilə də İslam alimləri bunun qarşısında sükut etməməli və bu təhqirə qarşı ciddi, qəti və kəskin şəkildə reaksiya bildirməlidirlər".
O vurğuladı: "Bu cür addımlar İŞİD kimi təkfirçi-terrorist ünsürlərin yeni və köhnə fitnələridir. Bu ünsürlər dünyanın hər yerindən bir yerə toplaşmış muzdurlardırlar ki, özlərinə hakim, vali və qazi kimi titullar verərək təkfir və terror ilə məşğul olurlar. Bu ünsürlər heç vaxt İslamın nümayəndəsi olmayıblar və olmayacaqlar da. Çünki onların təkfir və terrordan başqa bir məntiqləri yoxdur.
Bu ünsürlərin teoristi İbn Teymiyyə Hərrani (vəfat: 728 hq) də insanları təkfir edir və onların qanının tökülmsini halal bilirdi. Əlbəttə onun təkfir dairəsi məhdud idi. Amma ondan sonra Məhəmməd Əbdül-Vəhhab (vəhabiliyin təsisçisi) təkfir dairəsini genişləndirdi, indi də İŞİD ünsürləri bu dairəni daha da genişləndirirlər".
Ayətullah Maliki İslam ümmətinin vəhdətinin möhkəmlənməsinin zəruriliyinə işarə edərək vurğuladı: "Bu cür təkfirçi-terrorist ünsürlərin qarşısının alınması üçün ilk addım İslam ümmətinin vəhdət və birliyini möhkəmlətməkdir. İxtilafa səbəb olan məsələlər həll olunmalı, icazə verilməməlidir ki, xırda məsələlər ümmətin parçalanmasına səbəb olsun. Həmçinin əhl-sünnə alimlərimiz özləri ilə təkfirçi ünsürləri arasında sərhədləri tanıtdırmalı və dünyaya elan etməlidirlər ki, İŞİD kimi ünsürlər əhl-sünnə deyildir. Əhl-Sünnə alimləri insanlara çatdırmalıdırlar ki, İŞİD-in İraq və Suriyada əhl-sünnə hüquqlarının bərpası barədə iddiaları açıq yalandır. İŞİD Ərəbistan kimi bəzi ərəb dövlətlərinin siyasi, iqtisadi və hərbi himayəsi ilə silahlanır və regionda yayılmaqdadır".
Maliki əlavə etdi: "İŞİD kimi ünsürlər sünni və şiə ixtilaflarını qızışdırmaq və İslam dinini dünyada xarab və dəyərsiz bir din kimi göstərmək üçün yaradılıb. Bu ünsürlər dünya imperialistlərinin və sionizimin maraqlarına xidmət edirlər. İmperialistlər bu yolla regionda sionizm qabağındakı İslam müqavimətini zəiflətmək istəyirlər. Bu hədəflə də İŞİD öz vəhşiliklərini qanuni göstərmək üçün törətdiyi cinayətləri İraq və Suriyada əhl-sünnəni himayət etmək adına yazır. Halbuki onlar öz vəhşiliklərində nə əhl-sünnə, nə şiə və nə də qeyri-müsəlmanlara rəhm etmirlər. Öz cərəyanlarının əksinə olan hər kəsi öldürürlər. Bu terrorist və təkfirçi ünsürlər heç bir dinin, İslami və insani fikrin nümayəndələri deyildirlər".
O, regionda İslami Müqavimətin əsas mənəvi və maddi dayaqlarına işarə edərək dedi: "Hal-hazırda İraq, Suriya, Livan Hizbullah Hərəkatı, Fələstin Müqavimət qrupları və İran İslam respublikası müqaviməti hər bir cəhətdən himayə edirlər. Həqiqətdə isə İran İslam Respublikası regionda İslam Müqavimətinin ən böyük mənəvi və maddi hamisidir.
Dünya imperializmi İraq və İranı öz qarşılarında ciddi təhlükə hesab edir və bunda görə də bu ölkələri daxildən zəiflətməyə və burada yaşayan məzhəb və tayfaları bir-birinin əleyhinə təhrik etməyə çalışırlar. Onlar istəmirlər ki, şiələrə dünya siyasətində təsiredici siyasətə malik olsunlar".
O sonda vurğuladı: Amerika region üçün əsas təhlükədir. O təkcə müsəlmanların və şiələrin deyil, regionda yaşayan bütün xalqların və dinlərin düşmənidir. Onlar möhkəm və güclü İslam ümmətinin yaranmasını istəmirlər.