Quran fəaliyyətləri şöbəsi: "Şəms” Qadınlar Birliyinin təşkilatçılığı ilə bu günə qədər sərgi Nizami müzeyində, İncəsənət müzeyində, Tarix müzeyində, ayrı-ayrı məktəblərdə, müxtəlif rayonlarda, Şirvanşahlar sarayında keçirilib.
İQNA Quran agentliyinin deyerler.org saytına istinadən verdiyi məlumata əsasən, bu, Şirvanşahlar sarayında keçirilən sayca altıncı Qurani-Kərim sərgisidir. Sərginin keçirildiyi yer kifayət qədər böyük olmadığından bəzi Qurani-Kərim nümunələri bu sərgidə sərgilənməyib. Burada sərgilənən əksər Qurani-Kərim nümunələri birliyin üzvlərinin öz şəxsi kolleksiyalarındandır. Bəzi Qurani-Kərim nümunələri isə sərgiyə gələn ziyarətçilər tərəfindən sərgilərdə nümayiş olunmaq üçün Qadınlar Birliyinə hədiyyə edilib. Sərgidə dünyanın müxtəlif ölkələrində çap olunmuş Qurani-Kərim nümunələri də nümayiş olunur. Sərgi 10 günə yaxındır ziyarətçilərin üzünə açılsa da, rəsmi açılış noyabr ayının 9-da keçiriləcək.
Sərgidə, həmçinin işğal altında olan Şuşa şəhərində yerləşən "Gövhərağa məscidi"nin içərisindən son anda çıxarılan Qurani-Kərim nümunələri sərgilənir. “Şəms Qadınlar Birliyi"nin rəhbəri Şəfəq xanım "Gövhərağa məscidi"ndə olan Quran-Kərimləri şəxsən özünün götürdüyünü bildirir.
Sərgidə müxtəlif ölçülü Qurani-Kərim nümunələri var. Ölçüsü 1 santimetr olan Qurani-Kərimdən tutmuş müasir iri ölçülü Qurani-Kərimlər sərgidə nümayiş olunanlar arasındadır. Bundan başqa, düyü üzərində və noxud üzərində yazılmış Qurani-Kərimin ayələrini bu sərgidə görə sərgilənir.
Sərgidə nümayiş olunan Qurani-Kərim nümunələrinin ən qədiminin 600 yaşı var. 600 il bundan əvvəl hazırlanmış Quranın üz qabığı keçi dərisindəndir. Həmçinin Qurani-Kərimin ayələri xüsusi kağızlar üzərində yazılıb. Alimlər həmin kağızların çürümə ehtimalının az olduğunu bildirirlər.
Sərgidə, həmçinin Azərbaycanın ayrı-ayrı bölgələrində baş vermiş yanğınlar zamanı oradan götürülmüş Qurani-Kərim nümunələri də sərgilənir. Yanğın zamanı heç bir ayələri zərər görməyən Qurani-Kərim nümunələrindən biri Cəlilabad rayonunda baş vermiş güclü yanğından sora oradan götürülüb. Yanğın zamanı evin bütün əşyaları külə dönsə də Qurani-Kərimin ayələrinə heç bir zərər dəyməyib.
Təşkilatçılar fürsətdən istifadə edib dünyada Qurani-Kərimi yandıranlara və vətənimizdə Peyğəmbərə (s) təhqirəramiz yazılar yazanlara müraciət etdilər. "Biz bu iyrənc əməlləri lənətləyirik, bu tərbiyəsizlikdir. Bu çirkin işləri həyata keçirən insanlar mədəniyyətdən, ailə tərbiyəsindən uzaq insanlardır. Dünya vicdanlılarına müraciət edərək, bu çirkin işləri görən insanlara sərt reaksiyalar verməyə çağırırıq".