İQNA Quran agentliyinin islam-azeri.az saytına istinadən verdiyi məlumata əsasən, İslam aləminin böyük bayramlarından sayılan “Qədir Xum” bayramı günü ərəfəsində “Divani-hikmət” məclisində filologiya elmləri namizədi Vərağa Almasovun Regionların İnkişafı İctimai Birliyinin xüsusi layihəsi əsasında çap edilmiş “Həzrəti-Əli aşiqi Füzuli” kitabının təqdimat mərasimi keçirilib.
Birlik sədrinin müavini, şair Taleh Həmid kitabın məziyyətlərindən danışıb və müəllifin Füzuli irsinin tədqiqi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib və bu kitabın birlik tərəfindən müəllifin çap edilmiş sayca ikinci kitabı olduğunu qeyd edib.
V.Almasovun bir müddət əvvəl işıq üzü görmüş “Peyğəmbər aşiqi Füzulu” kitabı MDB ölkələrinin “Kitab mədəniyyəti” sərgisində ikinci yerə layiq görülüb. Yüksək zövq və tərtibatla 1000 tirajla çap edilmiş “Həzrəti-Əli aşiqi Füzuli” elmi monoqrafiyası geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev, kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və başqaları V.Almasovun bir alim kimi yorulmaz fəaliyyətindən və Azərbaycan elminin tədqiqi istiqamətində gördüyü əvəzsiz işlərdən danışıblar. Bu kitab bəşəriyyətin ən kamil şəxsiyyətləri sırasında ön cərgədə duran Həzrəti-Əlinin misilsiz Füzuli qələmi ilə çəkilmiş bədii portreti haqqında monoqrafiyadır. Əsər Füzuli şeirinin Həzrəti - Əli soraqlı ən parlaq incilərinin təhlili üzərində qurulub.