İQNA Quran agentliyinin məlumatına əsasən, Bakı şəhərinin bir neçə polis şöbələrinin əməkdaşları dindar xanımları saxlayarkən onları kobudluqla maşınlara doğru itələyiblər. Bu zaman qadınların birinin əlindən müqəddəs Quran yerə düşüb.
Mayın 6-da Azərbaycan Respublikası Təhsil Nazirliyinin binası qarşısında təhsil müəssisələrində hicaba qoyulan qadağaya etiraz əlaməti olaraq aksiya keçirilib. Yüzlərlə dindar bir araya gələrək, Konstitusiyada təsbit edilən hüquqlarının pozulmasına etiraz ediblər.
İslam-Azeri.az İnternet qəzetinin verdiyi xəbərə görə, polis dinc aksiyanı dağıtmaq üçün zor tətbiq edib. Çox sayı dindar həbs olunub. Məlumata əsasən, 4 nəfər Nəsimi rayon məhkəməsinə aparılıb, Azadxeber.az-ın məlumatına görə Xətai rayon Polis İdarəsinin 37 ci polis bölməsində 42 nəfər, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində 15 nəfər, Nərimanov rayon Polis İdarəsinin 17 ci polis bölməsində isə 18 nəfər dindar saxlanılır.
Həbs edilən ilahiyyatçı Hacı Tale Baqirovun da yeri məlum olub. Verilən məlumata görə, hazırda o Xətai rayon Polis İdarəsinin 37 ci polis bölməsindədir.
Həmçinin əldə etdiyimiz məlumata görə, bir neçə nəfər saxlanıldıqdan 2, 3 və 4 saat sonra azad edilib.
Qeyd edək ki, orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq dindarların bu gün Təhsil Nazirliyi qarşısında keçirdiyi aksiya zamanı həbs edilənlərlə bağlı Nərimanov Rayon Polis İdarəsi hər hansı məlumat verməkdən imtina edib.
mayın 6-da keçirilən aksiya ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməmiş və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törətmişlər.
Məlumatda deyilir ki, dindarlar özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətlər ediblər, vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurublar.
DİN-nin məlumatında həmçinin bildirilir ki, dindarlar polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstərmiş, nəticədə 26 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb, onlardan 5-i hospitala yerləşdirilib. Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınmışdır.
DİN-nin məlumatında həçinin bildirilir ki, faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanmış və istintaq davam etdirilir.