İQNA-nın (İran Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İran İslam İnqilabının Rəhbəri Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei dünən səhər (16 fevral) 1356-cı ilin (1977) "29 Bəhmən" qiyamının ildönümünün ərəfəsində minlərlə Təbriz əhalisinin qarşısında çıxış edərk ABŞ siyasətçilərinin qeyri-məntiqi rəftarını və İran millətinin və İslam dövlətinin düzgün və məntiqini siyasətini aşıladı.
O, İran Millətinin İnqilabi hərəkatını əsas meyarını din və iman hesab edərək dedi: Bu hərəkatın ən aydın nümunəsi Təbriz əhalisinin son 150 ildə din və imana söykənən mübarizələridir.
“İran xalqının dünyanın super-dövlətlərinin təzyiqləri, o cümlədən sanksiyalar qarşısında sarsılmamasının əsas səbəbi onun dini imanı olmuşdur” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar xalqın iradəsini zəiflətmək üçün bir neçə ay bundan əvvəldən etibarən iflicedici olduğunu iddia etdikləri sanksiyaları tətbiq etməyə başladılar, 22 bəhməndən bir neçə gün əvvəl isə sanksiyaların yeni bir mərhələsinə start verdilər. İran xalqının cavabı isə bu oldu ki, bu ilin 22 bəhmən yürüşü əvvəlki illərdən daha izdihamlı və coşğulu keçdi”.
O, əlavə etdi: “Builki 22 bəhmən yürüşündə insanlar hər tərəfdən axışıb izdihama qoşuldu və camaat yürüşlərdə yüksək ruhiyyə, gülər üz və sevinclə iştirak etdi. Bu möhtəşəm iştirak İran xalqının gerçək simasını bir daha nümayiş etdirdi”.
Həzrət Ayətullah Xamenei hər il 22 bəhmən yürüşünün düşmənlərin və İran xalqının əleyhdarlarının başına ağır bir zərbə, böyük bir qar uçqunu kimi düşdüyünü vurğulayaraq dedi: “Bu il də belə oldu”.
O, 22 bəhmən yürüşündə möhtəşəm və layiqli şəkildə iştirak etdiyinə görə İran xalqına bir daha təşəkkür edərək dedi: “Bu təşəkkürü 100 dəfə də təkrar etsəm, yeri var. İran xalqının bu ruhiyyəsinin və gözüaçıqlığının qarşısında baş əymək lazımdır”.
Hazırkı şəraiti təhlil edən Ali Məqamlı Rəhbər vurğuladı: “Düşmənlər İran xalqının imanı, böyük əzmi, gözüaçıqlığı, şücaəti və dözümü qarşısında çaşqınlıq və həyəcan içərisində qalıblar, buna görə də məntiqsiz hərəkətlər edirlər”.
Amerika rəsmilərinin bəyanatlarına və davranışlarına istinadən edən Ali Məqamlı Rəhbər onları məntiqsiz, ziddiyyətli sözlər danışan və addımlar atan, hegemon psixologiyalı insanlar adlandıraraq dedi: “Amerikalılar başqalarının onların məntiqsiz sözləri və hegemonluğu qarşısında təslim olacağını gözləyirlər. Necə ki bəziləri bunu edib. Lakin məntiq, güc və bacarığa malik olan İran xalqını və İslam Respublikasını təslim etmək mümkün deyil!”
Amerika rəsmilərinin və onların dediyi ilə oturub-duran Qərb dövlətlərinin məntiqsiz mövqe və davranışlarını şərh edən Ali Məqamlı Rəhbər faktiki misallar gətirərək dedi: “Onlar insan haqlarının təmin olunmasını öhdələrinə götürdüklərini və Yer üzündə bu prinsipi rəhbər tutduqlarını iddia edirlər. Əməldə isə onlar insan haqlarına ən çox zərbə vurur, “Qvantanamo”, “Əbu-Qureyb”, Əfqanıstan və Pakistan əhalisinin qətli kimi faciələrlə insanların hüquqlarını ən kobud şəkildə pozurlar”.
Ali Məqamlı Rəhbər Amerika rəsmilərinin məntiqsizliyinə, iddiaları və əməlləri arasındakı ziddiyyətə daha bir nümunə olaraq, onların nüvə silahına qarşı mübarizə aparmaları ilə bağlı iddialarını qeyd etdi. O dedi: “Amerikalılar bu iddianı əsas tutaraq 11 il əvvəl İraqa hücum etdilər. Lakin sonralar bu iddianın kökündən yanlış olduğu aydın oldu”.
O dedi: “Amerika rəsmiləri bu iddialarına rəğmən, nüvə silahı olan və başqalarını təhdid edən üzdəniraq İsrail rejimini himayə edirlər”.
Ali Məqamlı Rəhbər demokratiyanın dünyada genişləndirilməsi iddiasının da Amerika rəsmilərinin gerçəklikdən uzaq iddialarından biri olduğunu bildirərək əlavə etdi: “Onlar bir tərəfdən bu iddia ilə çıxış edirlər, digər tərəfdən isə regionda ən aydın və aşkar xalq hakimiyyəti modelinə malik olan İranla daim qarşıdurmadadırlar”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Amerikalılar eyni regionda demokratiyadan əsər-əlamət belə olmayan, əhalisi bir dəfə də olsun seçkidə iştirak etməmiş ölkələri həyasızcasına himayə etdikləri halda, demokratiyanın genişləndirilməsini dəstəklədiklərini iddia edirlər”.
Amerika rəsmilərinin sözləri ilə əməlləri arasındakı ziddiyyətə daha bir nümunə gətirən Ali Məqamlı Rəhbər onların iki ölkə arasındakı problemləri həll etmək üçün İranla müzakirələrə hazır olmaları ilə bağlı iddialarına toxunaraq dedi: “Bu iddia Amerikanın İslam Respublikası barədə reallıqdan uzaq, yaraşmaz fikirlər səsləndirdiyi, İran xalqına qarşı mübarizədə iqtisadi sanksiya və təzyiqlərə əl atdığı bir şəraitdə irəli sürülür”.
Ali Məqamlı Rəhbər Amerika prezidentinin ölkəsinin İranda nüvə silahının istehsalının qarşısını almağa səy göstərdiyi barədə bir neçə gün öncə səsləndirdiyi fikirlərə toxunaraq vurğuladı: “İranın nüvə silahı istehsal etmək niyyəti olsaydı, Amerika İran xalqının qarşını heç cür ala bilməzdi”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikasının nüvə silahı istehsal etmək niyyəti yoxdur. Bu qərarın əsasında Amerikanın narahatlığı yox, nüvə silahını bəşəriyyətə qarşı cinayət hesab edən bir əqidə, ideologiya durur. İran nüvə silahı istehsal etməyəcəyini vurğulamaqla yanaşı, dünyada mövcud olan bu tip silahların məhv edilməsini də istəyir”.
O vurğuladı: “Amerikanın İranın nüvə silahı istehsal etmək niyyətində olması ilə bağlı iddiası yalandır!”
1189406