İQNA-nın (Beynəlxalq Quran xəbər Agentiliyi) İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Şurası bəyan edib ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin martın 25-dən 26-na keçən gecə Yəmənə endirdiyi aviazərbələr nəticəsində öz evlərindən 120 min insan məcburi köçkün vəziyyətinə düşüb.
Məcburi köçkünlərin ən çox qeydə alındığı vilayət isə Həcca vilayəti olub. Belə ki, Həcca vilayətində 60 min insan məcburi olaraq öz evlərini tərk edib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Şurasının verdiyi məlumatda bildirilir ki, son 24 saat ərzində Səudiyyə və müttəfiqlərinin aviasiya zərbələrinə Şəbva, Əd-Dali, Adən, Səna, Səada, Əmran, Mərib, İb və Əl-Caufda yerləşən yaşayış binaları məruz qalıb.
Paytaxt Sənada həlak olanların olduğu, lakin sayları və dəqiq məlumatların olmadığı deyilir. Yəmən Müdafiə Nazirliyinin mətbuat katibi bəyan edib ki, Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmənə təcavüzündən bu günə kimi 2500 günahsız insan həyatını itirib, 3900 nəfər yaralanıb, 2200-dən artıq yaşayış binası dağıdılıb. Həlak olan yəmənlilər arasında yüzlərlə uşaq və qadının olduğunu bildirilib.