IQNA-nın "əl-aləm" peyk tv kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah, Şəhid sərdar Əli Fəyyazın anım mərasimindəki çıxışında vurğulayıb:"Livan müqavimət qüvvələrinin Suriyada iştirakı terrorizmlə mübarizə və Livanın milli maraqları proqramı çərçivəsindədir”.
Seyid Həsən Nəsrullah çıxışının digər hissəsində deyib: "Suriyaya getmək üçün bizə heç kəs göstəriş verməmişdir və biz öz bəsirət və əqidəmiz əsasında bu qərara gəlmişik. Biz gənclərimizi kimlik uğrunda müharibəyə göndərmirik, amma dini vəzifəmiz və İslam dəyərlərini qorumaq qarşısında olan məsulliyyətimiz bizi buna vadar edir”.
O, əlavə edib: "Səudiyyə Ərəbistanı Suriyada məğlub olduğu, NATO və ABŞ-ın bu ölkəyə müdaxiləsindən məyus qaldığı üçün bizə qarşı qəzəblidir.
Ərəbistan Yəməndə də məğlubiyyətlə üzləşib və məğlub olacaqdır. Xalqın müqaviməti ilə üzləşdiyi üçün Yəməndə qələbə qazana bilməz. Ərəbistan, Bəhreyndə də xalq qiyamını yarıta bilmədiyinə görə məğlubiyyətlə qarşılaşıb”.
Seyid Həsən Nəsrullah vurğulayıb: "Əgər Ərəbistanın müharibələrini məğlubiyyətə uğratmağın məsuliyyəti bizim öhdəmizədirsə, biz dünya və axirətdə bununla iftixar edirik”.
Ərəb irticasının Hizbullah əleyhinə hərəkətlərinin nəticə verməməsinə toxunan Hizbullah rəhbəri deyib: "Ərəb irticasının Hizbullahı terrorçu adlandırmasına verilən reaksiyalar, müqavimətin ərəb xalqları arasında yüksək məqamını göstərir”.
O əlavə edib: "Əməkdaşlıq Şurasının qərarını məhkum edərək bizimlə həmrəy olan, bizə dəstək verən bütün şəxslərə və qruplara öz minnətdarlığımızı bildiririk.
Hizbullahın terrorçu adlandırılmasına qarşı verilən rəsmi və xalq reaksiyaları sionist rejiminə verilən bir mesaj idi. Bu mesaj işğalçılara sübut etdi ki, sionistlərin İslam dünyasında yeri yoxdur. Heç bir ərəb ölkəsi sionist rejimi ilə münasibətlərini adiləşdirə bilməz”.
Misrin parlament nümayəndələrinin sionist rejimlə münasibətləri normallaşdırmağa cəhd edən deputata qarşı sərt reaksiyasına toxunan Hizbullah rəhbəri deyib:"Bu hərəkətin ərəbsayağı mesajı budur: Ey qatil sionistlər! Hər kim sizi ucaltmaq istəsə, sizinlə münasibət yaratmaq istəsə, sizinlə və sizin yanınızda süqut edəcəkdir”.
O "Bizim seçimimiz müqavimətdir - bu yolla işğal altında olan torpaqlarımızı azad edəcəyik", - deyə təşkilatının öz mövqeyindən dönməyəcəyini bildirib. Seyid Nəsrullah Səudiyyənin "Hizbullah"ı terrorçu qruplaşmaların siyahısına salmasının səbəbini kral hökümətinin Suriyadakı mığlubiyyətilə əlaqələndirib: "Səudiyyə məğlub olmuş müharibəni davam etdirir. Hər kim sionistləri gücləndirmək istəyir, onlarla birlikdə yıxılacaq."
"Hizbullah" lideri həmçinin, müqavimətin ərəb xalqlarının yeganə ümidi, qeyrət və namusunun qaytarılması üçün son çıxış yolu olduğunu bildirib.
http://iqna.ir/fa/news/3481242