İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "qafqa mədəniyyət mərkəzi"nin informasiya portalına istinadla verdiyi xəbərə görə, DEVAMM – (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi) vurğulayıb: "Uşaqlara ad qoyulması – valideynin Konstitusiya hüququdur. Bu prosesə inzibati müdaxilə – yolverilməzdir”.
Son dövrdə uşaqlara ad qoyulması ətrafında ölkədə tam anlaşılmayan bir proses gedir. Bununla əlaqədar Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir: "Artıq bir müddətdir ki, ölkədə adqoyma proseduru ətrafında süni ajiotaj yaşanır. Belə ki, zaman-zaman hansısa adların çoxluğundan, hansısa adların yabançılığından ara-sıra danışan məmurlar, nəticədə həmişəki adətləri üzrə, qadağanedici normaların tətbiqinə üstünlük verməyə meyilli görünürlər.
Məlum olduğu kimi, uşağa adın qoyulması – valideynin konstitusion hüququdur. Bu hüquq, valideynin dünyagörüşünü, baxışlarını, əqidəsini özündə ehtiva etməklə, BMT İnsan Haqları Ümumi Konvensiyasında, İnsan Haqlarının və Əsas Azadlıqlarının Müdafiəsi barədə Avropa Konvensiyasında birmənalı təsbit edilmiş və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində öz birmənalı əksini tapmışdır. Və qanunların, dövlətin təmin etdiyi bu hüquqa, məmur səviyyəsində heç bir inzibati müdaxilə ola bilməz.
Təəssüf ki, adqoyma ətrafında bu proses başlayanda, məmurlar özlərini uşaqların hüququnu qoruyurmuşlar kimi pozisiya etməyə cəhd edirdilər. Belə ki, uşaqlara aşağılayıcı və təhqiramiz adların verilməsinin qarşısını almaq, habelə mənası mənfi yozula bilinəcək adların verilməsinin əngəlləmək şüarıyla başladılan proses, nəticədə dindar insanlara, uşaqlarına öz dini əqidələrindən irəli gələn adları qoymasına mane olmaqla yekunlaşdı. Praktika göstərdi ki, guya "Türmə”, "Cəllad”, "İstəkan” kimi adlara görə yaranan ajiotaj, əslində adların "Əli Əkbər”, "Muhəmməd Əli” kimi yazılışını əngəlləmək mexanizmini tətbiq etmək niyyətinə xidmət etdi. Və hazırda artıq hansısa məmur qərara gəlib ki, "Mühəmməd” adını yalnız "Məhəmməd” kimi yazmaq olar.
Bir də ki, hansısa adın mənfi olmasını kim və hansı meyarlara əsasən müəyyən edir? Sadəcə olaraq qadağan olunmuş adların siyahısına ötəri nəzər salmaq kifayətdir ki, orada "Salavat”, "Xeyirxah”, "Həddad”, "Əmanət”, "Gerçək”, "Haqq”, "Ehsan”, "Nuh”, "Rəğbət”, "Tərəqqi”, "Salamat”, "Təbib”, "Ustad” kimi adıların da yasaqlanmasını görək. Hansı meyarlara əsasən bu və ya digər adlar qadağan olunur? Ümumiyyətlə, adın qadağan olunması nə deməkdir?
http://iqna.ir/fa/news/3486581