IQNA

16:22 - November 30, 2018
Xəbər sayı: 3484259
Tanınmış siyasi şərhçi Mark Lemont Hill beynəlxalq tədbirdə İsrailin Fələstinə qarşı törətdiyi təcavüzkar siyasəti tənqid etməsinin ardınca CNN televiziyasındakı işindən xaric edilib.

İsrailin cinayətlərindən danışan tanınmış şərhçi CNN-dən qovulubİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, tanınmış siyasi şərhçi Mark Lemont Hill beynəlxalq tədbirdə İsrailin Fələstinə qarşı törətdiyi təcavüzkar siyasəti tənqid etməsinin ardınca CNN televiziyasındakı işindən xaric edilib.

Bu barədə telekanalın mətbuat xidməti məlumat yayaraq siyasətçinin artıq CNN-lə əməkdaşlıq etmədiyini bəyan edib. Telekanal şərhçi ilə əməkdaşlığı dayandırmağın konkret səbəbini açıqlamayıb. Lakin bunun ABŞ-dakı güclü sionist yəhudi lobbisinin təzyiqilə baş tutduğu güclü ehtimaldır.

Bildirək ki, hər il BMT-də 29 Noyabr - Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur.

Dünən bununla bağlı BMT baş qərargahında keçirilən xüsusi iclasda Templ Universitetinin media tədqiqatları üzrə professoru Mark Lemont Hill 20 dəqiqəlik kəskin çıxışı ilə yadda qalıb. Fələstinin müstəqilliyinin tərəfdarı olduğunu ifadə edən Hill İsraili heç bir beynəlxalq hüquqa sığmayan əməllərini dayandırmağa çağırıb.

Çıxışdan sonra ABŞ konqresinin Respublikaçı yəhudi koalisiyasının üzvləri Templ Universitetinə müraciət edərək professorun buradan da qovulmasını tələb ediblər.

Yəhudi lobbisi tərəfindən anti-semitizmdə ittiham olunan və psixoloji təzyiqlərə məruz qalan Mark Hill sosial şəbəkədə açıqlama yayaraq, çıxışında qətiyyən irqi, etnik zəmində zorakılıq çağırışları səsləndirmədiyi və yəhudilərə nifrət aşılayan anti-semitik fikirlər irəli sürmədiyini bəyan edib.

Mark Lemont Hill çıxışında bunları deyib (ixtisarla):

"...Fələstin xalqı öz ən primitiv hüquqlarından belə məhrum edilib. Halbuki beynəlxalq insan hüquqları deklarasiyasında vurğulanır ki, bütün insanlar bərabərhüquqlu doğulur, eyni şərəf və ləyaqət hissinə sahibdirlər. Lakin İsrailin milli dövlət qanunu isə fələstinlilərin azadlığını məhdudlaşdırır, bərabərlik hüququnu pozur. Bu rəftar həm İsrail vətəndaşlığı daşıyan fələstinlilərə, həm də İordan çayının qərb sahili və Qəzza sektorunda yaşayan insanlara da tətbiq edilir. Hazırda fələstinlilərin tamhüquqlu İsrail vətəndaşlığına keçməsini əngəlləyən 60-a dək qanun mövcuddur. Səbəb isə çox sadədir - çünki fələstinlilər qeyri-yəhudidirlər. Bu qanunlar fələstinliləri həyatlarının bir çox aspektlərində əhatə edir: təhsil, səhiyyə, ailə münasibətləri və sair. Yəni fundamental olaraq bütün insanlara məxsus olan hüquqları pozur...

...Bundan başqa beynəlxalq insan hüquqlarında hər bir insanın təhlükəsizlik və mühafizə haqqı təsbit olunsa da, fələstinlilər İsrail ordusunun və polisinin daimi zorakılıq və təzyiqi altında yaşamağa davam edirlər. Həm İsrail hökuməti, həm İsrail ordusu, həm də polisi müxtəlif səviyyələrdə Fələstin əhalisinə qarşı zorakılıqlara yol verir. Beynəlxalq insan hüquqları deklarasiyası hər birimizi işgəncə, zorakı və qeyri-insani davranış və cəzalardan qorusa da, fələstinlilər hələ də İsrailin cinayətkar hüquq sisteminin fiziki və psixoloji işgəncələrinə məruz qalmaqdadırlar...

...Fələstin xalqı ilə həqiqi həmrəylikdən danışırıqsa, gərək bu xalqa özünü qorumaq haqqını verək, işğala məruz qalmış insanların özlərini qorumaq haqlarını tanıyaq. Əlbəttə ki, sülh prioritetimiz olmalıdır, lakin sülhü siyasi məqsədlər üçün romantikləşdirməməli və sui-istifadə alətinə çevirməməliyik..

...Beynəlxalq ədalət də bu haqqı verir ki, çaydan (İordan çayı - red.) dənizə (Aralıq dənizi - red.) qədər müstəqil Fələstin dövləti qurulsun..."

http://iqna.ir/fa/news/3768187

Teqlər: iqna ، cnn ، fələstin ، israil
Ad:
E-poçt:
* Comment:
* captcha: