IQNA

Tehran və Bakı milli kitabxanaların həmkarlığının genişləndirilməsini vurulayıblar

22:44 - February 09, 2021
Xəbər sayı: 3489234
İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi və Azərbaycan Respublikası milli kitabxanasının direktoru dünən iki ölkəin milli kitabxanaları arasındakı əməkdaşlığın genişləndirilməsini vurğulayıblar.

Fevral ayının 8-də İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Q.Əli Purmərcan Milli Kitabxanada olub.
Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edərək hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışaraq son illərdə bu əlaqələrin zəiflədiyini bildirmiş və Azərbaycan və İran Milli Kitabxanaları arasında bağlanmış əməkdaşlıq haqqında Memorandumun yenilənməsinə ehtiyac olduğunu vurğulayıb.
Söhbət zamanı cənab Q.Əli Purmərcan Milli Kitabxanada olmasından şad olduğunu ifadə edərək, iki qardaş xalqın Milli Kitabxanaları arasındakı mövcud əlaqələri daha da möhkəmləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, iki ölkə arasında olan əməkdaşlığı inkişaf etdirmək, birgə yeni layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir.
Bu ilin “Nizami Gəncəvi ili” olmasını qiymətləndirərək Nizami haqqında yeni kitabların nəşr edilməsini, eləcə də iki ölkə kitabxanalarında olan ədəbiyyatlar üzrə sərgi keçirilməsinin vacibliyini vurğulamışdır. O, bildirib ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” əsəri tərcümə olunaraq nəşr edilib.
Həmçinin, “Yeddi gözəl” əsərinin də tərcümə olunduğunu və bu yaxınlarda nəşr ediləcəyini bildirib. Sonra, cənab Q.Əli. Purmərcan onlayn kitab layihəsinin əhəmiyyətindən bəhs edərək ölkələr arasında beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən, eləcə də kitabların elektronlaşdırılmasından danışıb.
Görüş zamanı prof. Kərim Tahirov qeyd edib ki, pandemiya dövründə Milli Kitabxana oxuculara onlayn formada xidmət göstərib, bu dövr ərzində kitabxana 2,8 milyondan çox oxucuya məhz elektron kitablar vasitəsilə xidmət göstərib. 
O, qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanın, eləcə də bütün bəşəriyyətin dahi mütəfəkkir şəxsiyyətlərindəndir. Bu ilin “Nizami Gəncəvi ili” kimi qeyd olunmasının əhəmiyyətindən bəhs edərək Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi üzrə keçirilən “Nizami Gəncəvi ili”nin açılışı tədbiri, sərgidə nümayiş olunan kitablar barədə qonaqlara məlumat verib.
Həmçinin, o, vurğulayıb kı, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir ki, “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın milli kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmalarının müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində Türkiyədən, Pakistandan, Hindistandan və digər ölkələrdən 58 ədəd əlyazmanın surətlərinin Milli Kitabxanaya gətirilməsi təmin olunmuşdur ki, bunların içərisində Nəsiminin, Nizaminin də əlyazmaları yer almışdır. Bu layihə çərçivəsində İran Milli Kitabxanası ilə əlaqələrin möhkəmləndirilməsi məqsədilə Nizami əlyazmalarının surətlərinin Milli Kitabxanaya gətirilməsi haqqında fikir mübadiləsi aparılmışdır. Kərim Tahirov keçən illərdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində İran Milli Kitabxanasının sərgidə iştirakından və orada 500-ə yaxın ədəbiyyatın nümayiş olunduğunu vurğulayıb.
K.Tahirov həmçinin, Azərbaycan və İran Milli Kitabxanaları arasında beynəlxalq kitab mübadiləsi işinin də gücləndirilməsinə böyük ehtiyac olduğunu qonağın diqqətinə çatdırıb.
Daha sonra Q.Əli. Purmərcan Nizami əsərlərinin səhnələşdirilməsinin və “Xəmsə”nin  yenidən işlənilib nəşr olunmasının vacibliyini vurğulamış, habelə hər iki ölkənin Milli  Kitabxanaları arasında əməkdaşlıq memorandumunun imzalanmasına köməklik göstərəcəyini bildirib.
Görüşün sonunda qonaqlara kitablar hədiyyə olunub.

captcha