Latın Amerikası ölkəsi Honduras səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Həmçinin səfirlik binası dünən (24 iyun) Honduras Prezidenti Xuan Orlando Ernandes tərəfindən istifadəyə verilib.
IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) az.shafaqna.com xəbər verir ki, bu addımla Honduras, Amerika Birləşmiş Ştatları, Qvatemala və Kosovodan sonra səfirliyini Qüdsə köçürən 4-cü ölkə olub.
Bundan dərhal sonra Fələstin Hondurasın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməsini qınayıb.
Fələstin XİN: BMT qərarları pozulub
Fələstin Xarici İşlər Nazirliyinin açıqlamasında “BMT qərarları və beynəlxalq hüququn pozuntusu mənası daşıyan Hondurasın səfirliyinin Qüdsə köçürülməsini ən sərt şəkildə qınayırıq” ifadəsi yer alıb.
Açıqlamada Honduras Prezidentinin səhv qərar verdiyi və bunun təəssüf doğurduğu qeyd edilərək, səfirliyin köçürülmə qərarının Fələstin xalqına qarşı işğal qüvvələrinin pozuntularının artdığı bir dövrə təsadüf etməsinə diqqət çəkilib.
İordaniya: Rədd edir və qınayırıq
İordaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan yazılı açıqlamada da atılan addımın rədd edildiyi və qınandığı, bunun beynəlxalq qətnamələrə zidd olduğu qeyd edilib. az.shafaqna.com
Açıqlamada Qüds şəhərinin durumunun dəyişdirilməsi məqsədi ilə ediləcək hər hansı bir dəyişikliyin də qanunsuz və etibarsız olacağı xatırlatılıb.
Hərtərəfli və ədalətli bir sülhün vacibliyinə işarə edilən açıqlamada BMT qətnamələrinə uyğun olaraq iki dövlətli həll yolunun tətbiq olunmasının zəruriliyi vurğulanıb.
Türkiyə: Bu qərarı qınayırıq
Türkiyə Xarici İşlər Nazirliyinin bununla bağlı açıqlamasında “Bu addımla Honduras Qüdsün statusu mövzusunda BMT qərarları daxil olmaqla beynəlxalq hüququ pozdu, iki dövlətli bir həll və bölgədəki sülh ümidlərinə zərər verdi. Hondurasın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi və səfirliyin açılışının olması mənfi bir addımdır. Bu qərarı qınayırıq. Hondurası “bu səhv qərarından” geri addım atmağa çağırırıq.”, -deyə bildirilir.
HƏMAS: Fələstin xalqının hüquqlarına “açıq hücum”dur
Fələstin İslami Müqavimət Hərəkatı Həmas da Hondurasın beynəlxalq hüquqa zidd olaraq işğal olunmuş Qüdsdə səfirlik açmasını qınadığını bildirib.
Sözügedən addımın Fələstin xalqının hüquqlarına “açıq bir hücum” olduğunu qeyd edən Həmas Honduras rəhbərliyini beynəlxalq qanunlara uyğun olaraq qərarını geri qaytarmağa dəvət edib.
Həmas ayrıca “Fələstin xalqının azadlıq və müstəqillik hüququnu dəstəkləmək üçün təcili hərəkətə” çağırıb.