IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın birinci xanımı Büşra Bibi irfani maarifi çox sevir və onu yaymağa çalışır.
Büşra Bibi son günlərdə Pəncab əyalətinin mərkəzi olan Lahur şəhərində tanınmış sufi şeyxi "Şeyx Əbul-Həsən Şazli" adına İslami irfan və sufilik sahəsində araşdırma mərkəzinin açılışında iştirak edib.
Pakistanın baş nazirinin həyat yoldaşı və ölkəsinin birinci xanımı Büşra Bibi insanların tolerant yaşaması, müxtəlif din və əqidələrin bir-birinə qarşılıqlı ehtiram etməsi və İslami məzhəblərin bir-birinə yaxınlaşması üçün bir çox fəaliyyət göstərir və xalqını radikalizmdən qorumağa çalışır.
Qeyd edək ki, Şeyx Əbul-Həsən Şazli miladın 13-cü əsrində Mərakeşdə yaşayıb. O, "Şazli" irfan təriqətinin müəssisidir. Bu təriqətin tərəfdarları digər sufi təriqətlərinin əksinə olaraq guşənişin olmurlar, ictimai fəaliyyətlərdə yaxından iştirak edirlər, ailələrinin dolanışığını təmin etmək üçün işləyir və sufilərin sivmol və geyimlərindən istifadə etmirlər.
Şeyx Şazli İrfani Araşdırma Mərkəzinin hədəfi pakistanlı cavanlar üçün dini təhsil almaq üçün sağlam mühit yaratmaq və cəmiyyətdə məzhəblərin bir-biri ilə barış içində yaşamasını təmin etməkdir.
Tələbələr Şeyx Şazli İrfani Araşdırma Mərkəzinin kitabxanası vasitəsi ilə Pakistanın və dünyanın ən öndə gedən kitabxanalarının onlayn elektron nüsxələrindən istifadə edə biləcəklər. Bununla da dünyanın 75 elmi jurnalı və dünyanın müxtəlif elm ocaqlarında yazılmış 150 milyon elmi işi tələbələr üçün əlçatımda olacaq.
Xatırladaq ki, İmran Xan və xanımı medianın gözündən uzaq bir şəkildə mütəmadi olaraq Pəncab və Xeybər-Püxtünxah əyalətində sufilərin ziyarətgahına baş çəkir və burada zikr, dua və ibadət edirlər. / iqna