IQNA

Quran nə deyir? /19

Məhəmməd peyğəmbərin (s) risalətinin əhəmiyyəti dəyərində bir mesaj

18:02 - July 16, 2022
Xəbər sayı: 3492561
Peyğəmbər (s) həyatının son həccindən qayıdanda Allahdan bütün ilahi xəbərlərin tamamlanmasını xüsusi bir mesaja bağlayan ayələr aldı. Əli ibn Əbi Talibin (ə) vilayətinin mərkəzdə olduğu bu mesaj Qədir-Xum adlanan ərazidə insanlara çatdırıldı.

Həzrət Məhəmməd (s) son həccini 60 yaşında miladi 632-ci ildə yerinə yetirdi. Bu səfərdə yüz iyirmi minə yaxın müsəlman Peyğəmbərlə (s) birlikdə idi. Elə ki, Mədinəyə qayıdarkən karvanın əvvəlindən axırına qədər uzun məsafə yaranmışdı.

Həccətül-Vida (Vida həcci) kimi tanınan həccdən sonra Peyğəmbər (s) Mədinəyə doğru hərəkət etdi. O həzrət zilhiccə ayının 18-i cümə axşamı günü Qədir Xam adlı əraziyə çatdı. Bu əraziyə çatan kimi Peyğəmbərin (s) qəlbinə Allahdan bir ayə nazil oldu ki, məzmunu belə idi:

"Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni çatdır. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!".

Bu ayə əgər onun məzmununa diqqət yetirsək çox mühümdür. Peyğəmbərin (s) 23 illik peyğəmbərliyi dövründə vəhyi qəbul etmək və çatdırmaq üçün göstərdiyi bütün səylərin xüsusi bir xəbərlə tamamlanacağına və onsuz bütün bu xəbərlərin natamam olacağına dəlalət edir.

Peyğəmbərin (s) risalətinin əhəmiyyəti dəyərində bir mesaj

Peyğəmbər (s) Allahın əmrini yerinə yetirmək üçün yüz iyirmi min müsəlmandan ibarət karvana hərəkəti dayandırmağı əmr etdi. Karvanın qabağında olanlar dayandı, arxada olanlar da onlara qoşuldu. O həzrət bu mesajı çatdırdı. Deyilənə görə, karvanın qabağında və arxasında gələnlərin Peyğəmbərin (s) hüzuruna toplaşmasına yarım gün vaxt lazım olub.

Çoxlu müsəlmanların olması səbəbindən, bu xüsusi xəbər diqqətlə qeydə alınmış, təfsirçilər, ravilər və tarixçilər heç bir şübhə doğurmadan ayənin "Qədir-Xum" hadisəsi ilə əlaqələndirmişdir. Əllamə Əmini də bu hadisəni əhli-sünnənin otuz hədis və təfsir mənbəyindən nəql etmişdir. O cümlədən, İbn Cərir Təbərinin "Əl-Vilaiyə", "Təfsir Əs-sələbi", Əbu Nəim İsfahaninin "Ma Nəzələ Minəl-Quran Fi Əli", Vahidinin Əsbabun-Nuzl və... kimi kitablardan bu hadisəni nəql etmişdir. Bu, tarixçilərin bu məsələdə yekdil fikirdə olduğunu göstərir. Bəs mesaj nə idi?

Qədir-Xumun mesajı və Əli ibn Əbi Talibin (ə) canişinliyi

Peyğəmbər (s) camaat toplaşdıqdan sonra camaatla günorta namazını qıldı, yüksək bir yerə çıxdı və uca səslə xütbə oxudu:

"Allah mənə xəbər verdi ki, tezliklə öləcəyəm... . Beləliklə, məndən sonra "Səqəleyn"lə bağlı (iki çox ağır və vacib məsələ) necə davranacağınıza baxın. Böyük "seql" (vacib məsələ) Allahın kitabıdır (Quran). Başqa "seql" (vacib məsələ) mənim İtrətimdir (Əhli-beytim)".

Sonra Əli bin Əbi Talibin (ə) əlini camaatın qarşısında qaldırıb buyurdu: "Hər kim mən onun ağası və hökmdarıyamsa, Əli ibn Əbi Talib də onun ağasıdır. İlahi, onu sevəni sev, ona nifrət edənə nifrət et".
Camaat hələ dağılmamışdı ki, Cəbrayıl yenidən nazil oldu və Allah tərəfindən Maidə surəsinin üçüncü ayəsi nazil oldu: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim".

Əllamə Əmini kimi tanınan Əbdül-Hüseyn Əmini Nəcəfi (1902-1970) məşhur din müctehididir. O, ərəb dilində 11 cildlik əl-Qədir ensiklopediyasının müəllifidir. Onun xülasəsi bir neçə dilə tərcümə edilmişdir. Onun sözlərinə görə, bu əsəri yazmaq üçün Hindistan, Misir və Suriyanın onlarla şəhərinə səfər edib. O, bu əsəri yazmaq üçün 10.000 kitabı tam oxumuş və 100.000 kitaba istinad etmişdir.

captcha