IQNA

Suriya və Türkiyədə zəlzələdən zərər çəkənlərə dünya ölkələrindən yardımlar davam edir

17:47 - February 07, 2023
Xəbər sayı: 3493674
Türkiyə və Suriyada baş verən zəlzələdə zərərçəkənlərə dünyanın müxtəlif ölkələrindən yardım axını başlayıb. Bəzi ölkələr bu bölgələrdə zərərçəkənlərə yardım üçün öz yardım qüvvələrini göndərib.

"İQNA", "Daily Sabah"-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bazar ertəsi dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Rusiya yardım işçilərinin Türkiyə və Suriyaya getdiyini açıqlayıb.

Bu bəyanatda deyilir: "Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Korenkov Türkiyə və Suriyaya bir qrup yardım işçisi göndərib".

TASS xəbər agentliyinin məlumatına görə, Rusiyadan yardımçıların olduğu üç təyyarə Türkiyəyə uçub. Ümumilikdə, axtarış-xilasetmə əməliyyatları üçün Türkiyə və Suriyaya 100-dən çox xilasedici və o cümlədən iyləyici it göndərilib.

Çin Mərkəzi Televiziyasının çərşənbə axşamı verdiyi məlumata görə, ölkə Türkiyədə zəlzələdən zərər çəkənlərə təcili yardım olaraq 40 milyon yuan (5,9 milyon dollar) məbləğində ilk yardım göstərəcəyini açıqlayıb.

Televiziya əlavə edib ki, Çin Qızıl Xaç Cəmiyyəti də Türkiyə və Suriyaya 400 min dollar dəyərində təcili yardım edəcək.

Balkanların bir neçə ölkəsi dağıntılar altından sağ qalanların axtarış-xilasetmə işlərində Türkiyə hakimiyyətinə dəstək olmaq üçün mütəxəssis qrupların göndərildiyini elan edib. Türkiyəyə axtarış-xilasetmə qrupları göndərəcəklərini açıqlayan Balkan ölkələri arasında Xorvatiya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina və Albaniya da var.

Bununla əlaqədar Yaponiya öz milli fövqəladə xilasetmə qrupunu Türkiyəyə göndərdiyini açıqlayıb. Yaponiyanın Ankaradakı səfirliyi bəyanat yayaraq, xilasedicilərin bazar ertəsi axşam saatlarından etibarən Türkiyəyə gəldiyini və zəlzələdən zərər çəkmiş bölgələrdən biri olan Adana vilayətinə yollandığını açıqlayıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi, həmçinin Türkiyə ərazisindən zərər çəkmiş bölgələrə gedən axtarış-xilasetmə qrupunun ölkədən hərəkət etdiyini açıqlayıb. Nazirlik izah edib ki, qrupa axtarış-xilasetmə personalı, iyləyici itlər və fəlakətlə mübarizə texnikası daxildir. Bu çərçivədə, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) bazar ertəsi təcili yardım qruplarının Türkiyə və Suriyadakı zəlzələdən zərər çəkmiş bölgələrə göndərilməyə hazır olduğunu açıqlayıb.

4120494

captcha