IQNA

Quran surələri / 81

Yer üzündə qiyamətin əlamətləri

18:41 - May 31, 2023
Xəbər sayı: 3494259
Bir çox dini və təfsir kitablarında dünyanın axırında yer üzündə müəyyən hadisələrin baş verəcəyi və hər şeyin dağılıb məhv olacağı vurğulanmışdır.

Qurani-Kərimin səksən birinci surəsi "Təkvir" adlanır. 29 ayədən ibarət bu surə Qurani-Kərimin 30-cu cüzünə daxil edilmişdir. Məkkə surəsi olan "Təkvir", İslam Peyğəmbərinə (s) nazil olan yeddinci surədir.

“Təkvir” qarışıb qaranlıq olmaq deməkdir. Bu ad bu surənin birinci ayəsindən götürülüb. “Təkvir” surəsi qiyamətin əlamətləri və qiyamətdən əvvəl baş verən hadisələr, vəhy mələyinin (Cəbrail) xüsusiyyətləri və Peyğəmbəri-əkrəmin (s) onunla görüşməsi, vəhyin və Qurani-Kərimin həqiqətinin izahından bəhs edir.

"Təkvir" surəsinin əsas mövzusu insanlara xəbərdarlıq etmək və Qiyamət günü haqqında məlumatlandırmaqdır.

Surənin məzmunu göstərir ki, o, İslam Peyğəmbərinin (s) peyğəmbərliyinin əvvəlində nazil olmuşdur. Çünki müşriklərin İslam Peyğəmbərinə (s) atdıqları böhtanlara reaksiya verir və Peyğəmbəri (s) bu işlərdən uzaq hesab edir.

Bu surənin ayələrini iki hissədə təhlil etmək olar: Birinci hissədə qiyamətin əlamətləri və hadisələri təsvir edilir; Surənin ilk ayələrində qiyamətin əlamətlərindən və dünyanın sonunda baş verəcək dəyişikliklərdən, o cümlədən günəşin sönməsi, ulduzların süqut etməsi, zəlzələnin şiddətindən dağların yerindən tərpənməsi və insanların qorxmasıdan bəhs edilir.

Ayələrin bu hissəsində qiyamətdən əvvəl dünya sisteminin hadisələrinin qəfil və qəti olduğunu vurğulayan on iki şərti cümlə var.

İkinci mövzu Quranın əzəmətini və vəhy mələyi Cəbrailin xüsusiyyətlərini ifadə etməkdir. Bu bölmədə Quranın insanlara təsirindən bəhs edilir. Bu məsələni vurğulamaq üçün Allah gecə və səhər ayrı-ayrılıqda ulduzlara and içir. Bu hissədə Quranın müşriklərin iddialarının əksinə olaraq şeytanın təsirinə düşməyən etibarlı bir elçi tərəfindən nazil edildiyi bildirilir.

Bu surədə görünən məqamlardan biri də cahiliyyət dövrünün adətlərindən birinə aiddir; Necə ki, oxuyuruq: “Diri-diri basdırılan qızdan (haqsız yerə) hansı günaha görə öldürüldüyü soruşulduqda” (8 və 9-cu ayələr).

Bu ayələr ərəblərin cahiliyyət dövrünün adətlərindən biri ilə bağlıdır ki, bu zaman müxtəlif səbəblərdən qız uşaqları diri-diri basdırılırdı. O cümlədən həddindən artıq yoxsulluq, qadınların insan kimi dəyərinin olmaması və abırlarınnı getməsi qorxusu. Tarix və təfsir kitablarına görə, cahiliyyət dövründə qadın uşaq dünyaya gətirən zaman qadının oturması üçün yerə çuxur qazılırmış. Əgər doğulan körpə qız olsaydı, onu diri-diri eyni çuxurda basdırardılar, oğlan idisə, saxlayardılar.

captcha