Həmd surəsi: Dua və münacatlarla dolu surə, Məkkə dövründə nazil olub və yeddi ayədən ibarətdir. Həmd surəsinin xüsusiyyətlərini qısaca belə saya bilərik.
1- Surə dil və ahəng baxımından Quranın digər surələrindən əsaslı şəkildə fərqlənir. Çünki bu surədə Allah bəndələrinə dua etməyi və Onunla necə danışmağı öyrədir. Bu surə Uca Allaha həmd ilə başlayır, qiyamətə və qiyamət gününə imanın ifadəsi ilə davam edir və bəndələrin ehtiyacları ilə bitir.
2-Həmd surəsi Quranın əsasıdır. Peyğəmbərimiz (s) hədislərinin birində səhabələrindən olan Cabir ibn Abdullah Ənsariyə “Allahın kitabında nazil etdiyi surələrin ən yaxşısını sənə öyrədəcəm” demişdir. Sonra ona “Ümmul kitab” olan “Həmd” surəsini öyrədir və bu surənin ölümdən başqa hər dərdin dərmanı olduğunu deyir.
“Ümmü” sözü əsas və kök deməkdir və buna görə də məşhur təfsirçi İbn Abbas deyib ki, “hər şeyin mahiyyəti və əsası vardır, Quranın əsası isə “Həmd” surəsidir”.
3- Quran ayələrində Həmd surəsi Peyğəmbərimizə (s) böyük bir hədiyyə olaraq təqdim edilir və bütün Quranın önünə qoyulur. “Hicr” surəsinin 87-ci ayəsində belə buyurulur: “Həqiqətən, Biz sənə təkrar-təkrar oxunan yeddi ayəni və böyük Quranı verdik”.
Rəsulullahın (s) bir hədisini oxuyuruq: “Allah-taala buyurdu: “Həmd surəsini özümlə qulum arasında paylaşdım. Yarısı mənim, yarısı isə bəndəmə məxsusdur ki, o, nə istəsə, Məndən soruşmaq hüququna malikdir”.
Peyğəmbərimiz (s) bu surənin fəziləti haqqında belə buyurmuşdur: “Həmd” surəsini oxuyan hər bir müsəlman Quranın üçdə ikisini oxumuş kimidir. Başqa bir rəvayətə görə isə Quranı bütöv oxuyana verilən mükafat verilir və sanki hər mömin kişi və qadına hədiyyə göndərilir.