IQNA

Qəzzədə soyqırımı heç olmasa İsa Məsihin (ə) doğum günü münasibətilə dayandırın!

2:01 - December 28, 2024
Xəbər sayı: 3497324
İQNA - İşğalçı rejim Fəratdan Aralıq dənizinə qədər uzanan və Livan, İordaniya, Suriya və İraqın böyük bir hissəsini əhatə edən ərazilərə nəzarət etməyi planlaşdırır. Bu ideya 125 ildən çoxdur ki, sionistlərin düşüncəsində kök salıb və onları işğala davam etməyə təşviq edir.

"İQNA", "Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, bəhreynli yazar Səid əş-Şihabi, İsa Məsihin (ə) doğum günü və İsrail rejiminin Qəzzədəki davam edən təcavüzlərinə həsr olunmuş yazısında bu məsələyə toxunub.

İsrailin Qəzzədə həyata keçirdiyi əməllərə “soyqırımı” ifadəsinin tətbiq edilməsi ilə bağlı çoxlu müzakirələr aparılır.

Qış fəslinin gəlişi ilə bombardmanlar nəticəsində evsiz qalan və açıq havada və ya çadırlarda yaşamağa məcbur olan qaçqınlar üçün çətin günlər başlayıb. Tibbi vasitələrin və müalicə imkanlarının olmaması isə fələstinli qaçqınların əzabını ikiqat artırıb və bir çoxlarını yaşamaq ümidindən məhrum edib.

Bu mənzərələr hər gün televiziya ekranlarında görünür, lakin onların təkrarlanması nəticəsində adi hala çevrilib və artıq insanlarda hər hansı bir hiss oyatmır. Buna görə də fasiləsiz bombardmanlar davam edir və İsrail işğalçı qüvvələri bu əməlləri dayandırmaq üçün özlərində heç bir səbəb görmür!

Bununla belə, fələstinlilərə yardım etmək üçün həyatlarını itirən humanitar yardım təşkilatlarının səylərinə baxmayaraq, dünya qeyri-əxlaqi və insanlıqdan uzaq bir varlığa çevrilib.

Bu il ərzində Fələstində xeyriyyə fəaliyyəti ilə məşğul olan 160-dan çox yardım işçisi qətlə yetirilib və aydındır ki, işğalçı qüvvələr davamlı olaraq yardım işçilərini hədəf alır.

İndiyə qədər İsrail rejiminin hər gün davam edən bombardmanları nəticəsində Qəzzədə 45 mindən çox insan şəhid olub, bu rəqəmin 3 qatından çox insan isə yaralanıb. Yaralananların çoxu isə adi həyatlarını davam etdirmək imkanından məhrum qalıb.

Beynəlxalq ictimaiyyətin müharibənin dayandırılması ilə bağlı çağırışlarına baxmayaraq, İsrail bombardmanlarını dayandırmaqdan imtina edir və hərbi hücumlarını davam etdirməkdə israrlıdır.

Bəzi şəxslər hesab edir ki, Qəzzədəki hadisələr qanunla müəyyən edilmiş soyqırımı tərifinə uyğundur. İsrail rejimini soyqırımına təşviq edən bir çox amillər var:

1. Bombardmanlar adi hala çevrilib və bir çox insanın hisslərini uyuşdurub.

2. Qərb mediası Qəzzədə baş verənləri real və dəqiq təsvir etməkdən çəkinir.

3. Ərəb Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və BMT-nin bu təcavüzlərə nəzarət edə bilməməsi, digər ölkələrin fələstinlilərin əzablarına biganəliyi ilə yanaşı, ciddi tənqidlərə səbəb olub. Bəzi ərəb ölkələri hətta İsrail rejimi ilə əlaqələrini normallaşdırıb.

4. İsrail rejimi rəsmiləri güclü hərbi qüvvələrinin Qəzzəyə hücumlarını davam etdirmək üçün yetərli olduğunu düşünür. Netanyahu da bildirib ki, məqsədi fələstinli və livanlı müqavimət qruplarını məhv etməkdir. Lakin bütün cəbhələrdəki bombardmanlara və müqavimət liderlərinə qarşı sui-qəsdlərə baxmayaraq, bu məqsəd hələ də həyata keçirilməyib.

İşğalçı İsrail dövlətinin dünyəvi görünüşünə baxmayaraq, bu, onların uydurduğu bir dini vəzifə kimi təqdim olunur. Bu məqsəd üçün çalışır, Fələstini dünya xəritəsindən və insanlığın yaddaşından silməyə, işğalçı rejimlərini zor gücünə və xüsusilə ABŞ-ın dəstəyi ilə başqalarına qəbul etdirməyə çalışırlar.

Bu düşüncə 125 ildən çoxdur ki, mövcuddur və sionistlərin beynində kök salıb, onları işğala davam etməyə sövq edir.

Amnesty International 5 dekabrda yayımladığı hesabatında qeyd edib ki, İsrail və onun ordusu 1948-ci il Soyqırımının Qarşısının Alınması Konvensiyasına əsasən qadağan edilmiş 5 əməldən 3-dən artığını yerinə yetirib: qətl, ciddi fiziki və ya psixoloji zərər və qorunan bir qrupu fiziki cəhətdən məhv etmək məqsədi ilə ağır həyat şəraiti yaratmaq.

Ümid edək ki, insanlığın vicdanı bu qəflətdən oyanacaq və İsa Məsihin (ə) doğum günü münasibətilə Qərb liderləri İsanın (ə) sülh və məhəbbət yolunu təqlid edərək müharibəsiz və təhlükəsiz bir dünya quracaqlar. Bu sayədə müsəlman, xristian və yəhudi fələstinlilər sülh və əmin-amanlıq içində yaşaya biləcəklər.

On illərdir davam edən gərginlik, müharibə, qan tökülməsi və işğaldan sonra bu torpaqlara sabitlik və dinclik qayıdar.

4255853

captcha