IQNA

Əl-Əzhər, İslam ölkələrini "Fələstinlilərin köçürülmə planlarını rədd etməyə" çağırır

2:32 - February 15, 2025
Xəbər sayı: 3497618
İQNA - Misirin Əl-Əzhər İnstitutu ərəb və islam ölkələrini "Fələstin məsələsini ləğv etmək məqsədi daşıyan köçürülmə planlarını rədd etməyə" çağırıb.

Əl-Əzhər Qurumundan verilən yazılı açıqlamada, "Sizi Fələstin xalqının öz torpaqlarında qalması şərti ilə Qəzza zolağının yenidən qurulması ilə bağlı Misir və ərəb ölkələrinin tutduğu mövqeyi dəstəkləməyə dəvət edirik" deyildi.

Bəyanatda Qəzzada atəşkəs razılaşmasının həyata keçirilməsi üçün hər cür təzyiqin tətbiq edilməsi, dünya liderlərindən ölkələrin taleyinə təsir edən açıqlamalar verərkən müdriklikdən əl çəkməmələri istənilib.

Bəyanatda heç kimin Fələstin xalqına praktiki olmayan təkliflər irəli sürməyə haqqı olmadığı vurğulanıb və qeyd edilib:

"Bütün dünya fələstinlilərin öz torpaqlarında, paytaxtı Qüds olan müstəqil dövlətdə yaşamaq hüququna da hörmət etməlidir. Biz ərəb və müsəlman liderləri, eləcə də dünyanın bütün şərəfli insanları Fələstin məsələsini ləğv etmək planlarını rədd etməyə və fələstinliləri öz vətənlərindən zorla çıxarmaqla onların işini əbədi olaraq məhv etmək məqsədi daşıyan köçürülmə planlarını rədd etməyə çağırırıq”.

Məqsədin vətənin müqəddəsliyinə məhəl qoymamaq və fələstinliləri min illərdir yaşadıqları torpaqlarından didərgin salmaq olduğuna diqqət çəkən bəyanatda, “Beynəlxalq cəmiyyətin məzlumlara və müdafiəsizlərə kömək etməməsi bütün dünyada qeyri-sabitliyə gətirib çıxaracaq və onu güclülərin zəifləri məhv etdiyi meşəyə çevirəcək” ifadələri işlədilib.

Bəyanatda dünyanın bütün dini qurumlarının məzlum Fələstin xalqını müdafiə etməyə çağırılaraq, "Bütün dinlər fələstinliləri öz torpaqlarından qovmağı və onları başqaları üçün torpaqlarını tərk etməyə məcbur etməyi rədd edir. Biz də qanun və beynəlxalq adət-ənənələrlə idarə olunması lazım olan bir dünyada yaşayırıq" ifadələri işlədilib.

Bəyanatda Fələstin torpaqlarında baş verənlərin bəşəriyyəti tarixdən əvvəlki əsrlərə apardığı vurğulanıb.

captcha