IQNA

Tunisli alim və ziyalı Şeyx Məhəmməd Tahir ibn Aşur

2:10 - April 06, 2025
Xəbər sayı: 3497966
İQNA - Tunisli alim və ziyalı, təfsirçi, fəqih, ərəb dili və ədəbiyyatı alimi İbn Aşur 20-ci əsrin mühüm islahatçılarından biridir.

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, İbn Aşur 1879-cu ildə Tunisdə anadan olub. O, Mərakeş əsilli və Əndəlüsdən Salaya (Mərakeş) köç edən və sonralar Tunisdə məskunlaşan Aşur ailəsinin üzvü olduğu üçün babası kimi İbn Aşur ləqəbi ilə tanınıb.

O, İslam elmləri sahəsində mühüm şəxsiyyətlər yetişdirmiş İbn Aşur ailəsinə mənsubdur.

1892-ci ildə orta və ali təhsil müəssisəsi olan Zeytunə məscidinə daxil olur. Ağıl və üstün qabiliyyətləri ilə diqqət çəkdiyinə görə onun üçün xüsusi proqram həyata keçirilib. O, 1899-cu ildə bitirdiyi ali təhsili zamanı fransız dilini öyrənmişdir. 1903-cü ildə Zeytunə Universitetinə ikinci dərəcəli müəllim vəzifəsinə təyin edilmişdir. Universitetdə daha çox ərəb dili və ədəbiyyatı, fiqh prinsipləri, hüquq fəlsəfəsi (məqasidüş-şəriə), hədis və təfsirdən dərs deyirdi.

İbn Aşur həm düşüncələri, həm də elmi səriştəsi ilə diqqəti cəlb etmiş, tədqiqatlarını Quran və sünnəni anlamaq və müsəlmanların müxtəlif problemlərinin həlli üzərində cəmləmişdir. O, Qurani-Kərimin elmi təfsirini mənimsəyənlərdən idi və Quranın hər çağda ona müraciət edənlərin mədəni və anlayış səviyyələrinə uyğun bir üsluba malik olduğuna inanırdı (Ət-Təhrir vət-tənvir, 1, 44-45).

Tunisli alim çağdaş İslam fiqhinin ustadlarından sayılırdı və Qurani-Kərimin tərcüməçisi idi.

Zeytuniyyə Universitetinin Tunis hüquqşünaslar birliyinin rəhbəri Məhəmməd ibn Əli Əl Şətavi İbn Aşurun təkid etdiyi məsələlərdən birinin də din hökmlərində müşahidə olunan əsas məqsəd və hikmətlər kimi ümumiləşdirilə bilən məqasidu şəriət məsələsi olduğunu bildirdi. Şatibidən təxminən altı əsr sonra “Məhaşiduş-şəriətil-İslamiyyə” adlı əsəri ilə yenidən bu məsələyə diqqət çəkən İbn Aşur, həm Quran və sünnənin kəlmələrini (nəslərini) anlamaqda, həm hadisələrə tətbiq etməkdə, həm də mövcud olan hökmlərə çatmaqda məqasid elminə xüsusi əhəmiyyət verir. O bildirir ki, şəriətin hökmləri göndərərkən müşahidə etdiyi əsas məqsədlər və hikmətlər məlum olmasa, mətnlərin anlaşılması, təfsiri və ictihadı natamam olacaqdır.

İbn Aşurun ən məşhur əsəri “ət-Təhrir vət-Tənvir” adlı təfsiridir. Otuz cilddə nəşr olunan əsərdə (Tunis 1978, 1984) müxtəlif təfsir məsələlərinin müzakirə olunduğu 130 səhifəlik müqəddimədən sonra ayələr Qurandakı sıraya uyğun təfsir edilmiş, ritorik məqamlar izah edilmişdir. Həmçinin əvvəlki təfsirçilər tərəfindən qeyd olunmayan bəzi məsələlərə yer verilərək həm klassik, həm də müasir anlayışı bəyan olunmaya çalışılmışdır.

Gənc yaşlarından Tunis məsələləri ilə maraqlanmağa başlayan İbn Aşur düşünürdü ki, təhsil və tədris islah olunmalı, ədalət və məhkəmə işləri yenidən qurulmalıdır. O, Zeytunə Universitetinin təhsil və tədris işlərinə məsul şuraya təyin olunanda ilk vəzifəsi bu məsələ ilə bağlı fikirlərini hesabat şəklində hökumətə təqdim etmək oldu. Bu hesabatda yer alan təkliflərin bəziləri dərhal həyata keçirildi.

Zeytunə Universitetinin klassik elmlərinə də yeni bir anlayışla yanaşdı. O, tədris proqramına ərəb dilinin qrammatikası, fizika, kimya və cəbr kurslarını əlavə edib. Tunisin xarici aləmlə əlaqəsini təmin etməklə, milli-mənəvi dəyərləri qoruyub saxlamaqla təhsili müasirləşdirmək istəyirdi.

O, imperializmin bütün formalarına qarşı amansız mübarizədə onun kimi düşünən digər vətənpərvərlərlə birlikdə ön sıralarda yerini tutdu. Ölkə daxilində və xaricdə müxtəlif fəaliyyətlərdə iştirak edib. İbn Aşur elm, düşüncə, əməl və mübarizə adamıdır. O, mücahid və yenilikçi alim olmaqla yanaşı, həya, səbir, mətanət, qətiyyət, zahidlik və təqva kimi əxlaqi gözəllikləri özündə daşıyan bir şəxsiyyətə malik idi.

Ömrü boyu elmi araşdırmalarını, fikri mübarizələrini və fəaliyyətlərini davam etdirən İbn Aşur 1973-cü il avqustun 12-də Tunisdə vəfat etmiş və Zəllac qəbiristanlığında dəfn edilmişdir.

4270773

captcha