IQNA

Almaniya hökumətinin yaralı fələstinli uşaqları qəbul etməməsinə görə tənqidlər

11:02 - October 23, 2025
Xəbər sayı: 3499084
İQNA - Almaniya hökumətinin Qəzzadan yaralı uşaqları qəbul etməyə dair humanitar təşəbbüsü rədd etməsi geniş tənqidlərə səbəb olub.

“İQNA”-nın “əl-Qüds əl-Ərəbi”yə istinadən verdiyi xəbərə görə, Almaniyanın bir neçə böyük şəhəri tərəfindən Qəzza zolağından yaralı uşaqların qəbul edilməsi üçün başlatılan humanitar təşəbbüsün federal hökumət tərəfindən rədd edilməsi yerli və siyasi dairələrdə narazılıq dalğasına səbəb olub. Berlin hökumətinə müharibə qurbanlarına qarşı humanitar məsuliyyətini yerinə yetirməmək ittihamı irəli sürülüb.

Bir neçə aylıq hazırlıqlardan sonra Hannover şəhəri, Qəzza və İsraildən xəstə və yaralı uşaqları qəbul etmək layihəsinin federal hökumətin etirazı səbəbindən uğursuzluğa düçar olduğunu açıqlayıb. Hannoverin meri Byolt Onay bildirib ki, Daxili İşlər Nazirliyinin qərarı “məyusedici və anlaşılmazdır”. Onun sözlərinə görə, Almaniya şəhərləri müharibə yaralarından əziyyət çəkən günahsız uşaqlara tibbi yardım və qayğı göstərmək üçün səmimi niyyət ortaya qoyublar, lakin “bürokratiya divarı və rədd cavabı ilə qarşılaşmışıq”.

Hannover bölgəsinin Sosial Demokratlar Partiyasından olan rəhbəri Stefan Krax da oxşar bəyanatında hökumətin mövqeyini “qəddar və qeyri-insani” adlandırıb və deyib ki, Qəzzada 16 mindən çox insan xaricdə müalicəyə ehtiyac duyur, uşaqları bu imkandan məhrum etmək isə əsla əsaslandırıla bilməz.

Almaniya Daxili İşlər Nazirliyi rəsmi məktubunda qərarını Qəzzadakı vəziyyətin hələ də “sabit və proqnozlaşdırıla bilməz” olması ilə əsaslandırıb və bildirib ki, uşaqların tibbi məqsədlə çıxarılması mürəkkəb prosedurları – şəxsiyyətin müəyyənləşdirilməsini, müşayiət edənlərin təhlükəsizliyinin təmin edilməsini, müalicə xərclərinin qarşılanmasını və geri qayıdış imkanının təmin edilməsini tələb edir.

Məktubda belə deyilir: “Biz Qəzzadakı mülki şəxslərə, xüsusilə uşaqlara kömək etmək istəyimizi ifadə edirik, lakin hazırda tibbi dəstəyin bölgə daxilində göstərilməsinin daha məqsədəuyğun olduğuna inanırıq.”

Lakin bu izahat bir çox yerli rəsmiləri qane etməyib. Onlar vurğulayıblar ki, şəhərlər yaralı (fələstinli) uşaqları qəbul etməyə və Almaniyanın ixtisaslaşmış xəstəxanalarında onları müalicə etməyə tam hazırdırlar və bu, hökumət üçün əlavə xərc yaratmayacaq.

Keçən ilin iyul ayında Hannover şəhəri, şəhərdəki fələstinli və yəhudi icmalarının nümayəndələrinin dəstəyi ilə Qəzzadan təxminən 20 yaralı uşağın Almaniyada tibbi müalicə üçün qəbul edilməsinə dair təşəbbüs başlatmışdı. Bremen, Düsseldorf, Leypsiq, Bonn, Frankfurt və Kil kimi böyük şəhərlər də bu təşəbbüsə tez bir zamanda qoşulmuşdular.

4312335

captcha