IQNA

Şəhid Sədr və bacısının qətlində əli olan 2 nəfərə ölüm hökmü verildi

4:55 - July 01, 2025
Xəbər sayı: 3498447
İQNA - İraq Ali Cinayət Məhkəməsi, şiələrin böyük dini rəhbəri şəhid Ayətullah Seyid Məhəmmədbaqir Sədr və bacısı şəhidə Bintül-Huda'nın qətlində iştirak edən keçmiş Bəəs rejiminin iki üzvü barəsində edam hökmü çıxarıb.

“İQNA”-nın İraqın rəsmi xəbər agentliyi “WAA”-ya istinadla verdiyi xəbərə görə, İraq Ali Məhkəmə Şurası bazar ertəsi bildirib ki, ölkənin Ali Cinayət Məhkəməsi iki nəfər – Səədun Səbri və Heysəm Əbdüləzizi – haqqında 1980-ci ildə İslam alimi Ayətullah şəhid Seyid Məhəmmədbaqir Sədr və onun bacısı şəhidə Bintül-Hudanı öldürməkdə təqsirli bilərək ölüm hökmü çıxarıb.

Şuranın yaydığı bəyanatda qeyd olunub ki, bu iki nəfər o dövrdə Bəəs rejiminin təhlükəsizlik və təzyiq aparatında vəzifə tutublar və cinayətdə iştirak etdiklərini açıq şəkildə etiraf ediblər. Onlar etiraf ediblər ki, bu iki tanınmış şəxsiyyətin Bağdadın Cisr Diyala bölgəsində qətlə yetirilməsində iştirak ediblər. Həmçinin bildiriblər ki, bu cinayətdən sonra şəhid Sədrin cəsədi Nəcəfül-Əşrəfə aparılıb.

Bəyanatda əlavə olunub ki, bu hökm, İraqın Ali Cinayət Məhkəməsi haqqında 2005-ci il tarixli 10 saylı qanunun 12 və 15-ci maddələrinə və İraq Cinayət Məcəlləsinin 406-cı maddəsinin 1-ci bəndinə əsasən çıxarılıb.

Ayətullah Məhəmmədbaqir Sədr və onun bacısı Bintül-Hudanın Səddam rejimi dövründə şəhid edilməsi, Bəəs rejiminin şiə dini və mədəni şəxsiyyətlərinə qarşı törətdiyi tarixi cinayətlərdən hesab olunur və bu hadisə İraqın müasir tarixinə və İslam dünyasına dərin təsir göstərmişdir. İllər sonra bu cinayətin əsas icraçılarına qarşı rəsmi məhkəmə hökmü verilib.

Bu hökm, İraqın baş naziri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Məhəmməd Şiayə əs-Sudaninin 1403-cü ilin Bəhmən ayının ortalarında (2025-ci ilin fevral ayı) verdiyi açıqlamadan sonra çıxarılıb. O demişdi: “Şəhid Seyid Məhəmmədbaqir Sədr, onun bacısı və Həkim ailəsinin bir sıra şəhidlərinin qatilləri həbs edilib”.

Əs-Sudani qeyd edib ki, bu şəxslərin – Səddamın Bəəs rejiminin cinayətkar təzyiq aparatının üzvlərinin – həbs olunması, hətta onların uzun müddət qaçqınlıqda olmasına baxmayaraq, cinayətkarların izlənməsi siyasətinin davam etdirildiyini göstərir.

Məhəmmədbaqir Sədr İraqın tanınmış şiə alimi, mütəfəkkiri və filosofu, İslam Dəvət Partiyasının (Hizb əd-Dəvə əl-İslami) əsas qurucusu və nəzəriyyəçilərindən biri idi.

O, 1980-ci ildə Səddam rejimi tərəfindən İranla əməkdaşlıqda və əlaqədə olmaq bəhanəsi ilə edam olunmuşdu.

4291850

captcha