“CNN”-in məlumatına görə, ABŞ-da müsəlmanların ən böyük vətəndaş hüquqları təşkilatı olan Amerika-İslam Əlaqələri Şurası (CAIR), Britaniya, Fransa və digər Avropa ölkələri də daxil olmaqla 25 ölkənin İsrailin Qəzzada həyata keçirdiyi soyqırıma dərhal son qoyulması və beynəlxalq hüquqa riayət olunması ilə bağlı yayımladığı birgə bəyanatı alqışlayıb.
Birgə bəyanatda vurğulanıb ki, Qəzzadakı mülki əhalinin əzab-əziyyəti yeni və daha dərin bir mərhələyə çatıb və mülki şəxslərin, xüsusilə də uşaq və qadınların, əsas ehtiyaclarını – su və qida – ödəməyə çalışarkən qəsdən və qəddarcasına öldürülməsi pislənilir.
Vaşinqtonda yerləşən Amerika-İslam Əlaqələri Şurası həmçinin Belçika Federal Polisinin Qəzzada baş verən soyqırım zamanı müharibə cinayətləri törətməkdə ittiham olunan iki israilli əsgəri istintaqa cəlb etməsini də müsbət qarşılayıb. Bu istintaqlar Hind Rəcəb Fondu və Qlobal Hüquqi Fəaliyyət Şəbəkəsinin təqdim etdiyi şikayətlər əsasında başlanılıb.
Şura bəyanatında bildirib: “Biz Qəzzada davam edən soyqırımın dayandırılmasını açıq şəkildə tələb edən hökumətləri və İsrailli müharibə cinayətkarlarının Belçikada istintaqa cəlb olunması kimi beynəlxalq hüquqa riayət üçün konkret addımlar atan dövlətləri təqdir edirik.”
Bəyanatda daha sonra qeyd olunub: “Bu hadisələr bir daha sübut edir ki, Fələstin xalqı və insan haqları təşkilatlarının İsrailin Qəzzada törətdiyi vəhşiliklərə dair dedikləri doğrudur – bu əməllər açıq-aşkar müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdir. Beynəlxalq ictimaiyyət artıq İsrailin Qəzzada qəsdən aclıq yaratması, qırğınlar törətməsi, etnik təmizləmə həyata keçirməsi və infrastrukturun sistemli şəkildə dağıdılması qarşısında səssiz qala bilməz. Hesabatlılıq və ədalət seçim məsələsi deyil, beynəlxalq hüququn zəruri və məcburi tələbləridir.”
Şura ABŞ hökumətinə və dünya ölkələrinə çağırış edərək, soyqırımın dayandırılması üçün dərhal tədbir görməyə və bu cinayətlərin məsul şəxslərinin tam məsuliyyətə cəlb olunmasına çağırıb.
İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Kanada, Danimarka və Yeni Zelandiya da daxil olmaqla 25 ölkə dünən birgə bəyanatla çıxış edərək, Qəzzada müharibənin dərhal dayandırılmasını və işğalçı İsrailin günahsız fələstinlilərə qarşı törətdiyi cinayətlərə son qoyulmasını tələb ediblər.
Onların bəyanatında deyilir: “Qəzzada müharibə dərhal dayandırılmalıdır. Qəzzada mülki insanların əziyyəti misilsiz bir səviyyəyə çatıb. Yardım almağa çalışan 800-dən çox fələstinlinin qətlə yetirilməsi dəhşətlidir. İsrailin humanitar yardımların çatdırılmasına mane olması qəbuledilməzdir.”
Bəyanatın davamında qeyd olunub: “Fələstinlilərin humanitar zona adı altında başqa əraziyə köçürülməsi təklifi tamamilə qəbuledilməzdir. Məcburi köçürmə beynəlxalq humanitar hüququn pozulmasıdır. Biz coğrafi və demoqrafik dəyişikliklərə yönəlmiş hər hansı addımı qətiyyətlə rədd edirik.”
4295684