İQNA-nın “Arabi21” saytına istinadən verdiyi məlumata görə, “Deutschland Trends” institutunun sorğusunda iştirak edənlərin 66 faizi Almaniya hökumətinin sionist rejimə Qəzzə zolağına münasibətini dəyişdirmək üçün daha çox təzyiq göstərməsini istəyib. Bu rəqəm “Forsa” institutunun keçirdiyi əvvəlki sorğudakı 57 faiz göstəricisindən yüksəkdir.
Sorğu nəticələrinə əsasən, almanların 47 faizi hökuməti Fələstinlilər üçün kifayət qədər iş görməməkdə ittiham edib, 39 faiz isə bu fikirlə razılaşmayıb. “Forsa”nın digər sorğusu isə göstərib ki, xüsusilə gənclər arasında Fələstin dövlətinin tanınmasına dəstək geniş yayılıb. Buna baxmayaraq, Almaniya hökuməti belə bir addımı atmağı planlaşdırmadığını bildirir.
Almaniyanın xarici işlər naziri Yohann Vadfuhl son açıqlamasında Berlinin mövqeyinin Fələstin dövlətinin tanınmasının yalnız danışıqlarla əldə olunmuş iki dövlətli həll prosesinin sonunda mümkün olması olduğunu bildirib.
Qəzzədə humanitar böhranın dərinləşməsi və sionist rejimin bölgəni tam işğal etmək planları Berlini bu rejimə silah ixracını dayandırmağa vadar edib. Qərar, Qəzzədə davam edən dağıdıcı müharibəyə qarşı ictimai narazılığın artdığı vaxt qəbul edilib.
Almaniya kansleri Fridrix Merts 8 avqustda açıqlayıb ki, hazırkı şəraitdə hökumət Qəzzədə istifadə oluna biləcək hər hansı hərbi texnikanın ixracına icazə verməyəcək.
Bu mövqedən sonra sionist rejimin baş naziri Benyamin Netanyahu Almaniyanı silah ixracını dayandırmaqla HƏMAS-ı mükafatlandırmaqda ittiham edib.
“INSA” institutunun “Faz” beynəlxalq təşkilatı üçün keçirdiyi sorğuya əsasən, Qəzzəyə qarşı müharibənin intensivləşməsi fonunda almanların 58 faizi İsrailə silah ixracının müvəqqəti dayandırılmasını dəstəkləyib, 22 faiz buna qarşı çıxıb, 19 faiz isə qərarsız qalıb.
4299282