IQNA

Taifdə Peyğəmbərin (s) səhabəsinin tarixi məscidi bərpa olunur

10:01 - September 04, 2025
Xəbər sayı: 3498802
İQNA - Taifdə Peyğəmbərin (s) səhabələrindən və görkəmli fiqh alimlərindən biri olan Abdullah ibn Abbasın adına tikilmiş məscid, Səudiyyə Ərəbistanının tarixi məscidlərin inkişafı üzrə üçüncü mərhələ layihəsi çərçivəsində bərpa olunur.

“İQNA”-nın “Əl-Əkkaz” qəzetinə istinadən verdiyi xəbərə görə, Abdullah ibn Abbas məscidinin bərpa layihəsinin icra müddəti 12 ay olaraq planlaşdırılıb və ilkin təhvil tarixi 2026-cı il iyulun 15-nə tutulub. Layihənin dəyəri 2,509,488.60 Səudiyyə rialıdır.

Səudiyyə Ərəbistanı Mədəniyyət Nazirliyinin məlumatına görə, hicri 592-ci ildə inşa olunmuş bu məscidin yaşı 850 ildən çoxdur.

Taifin ən məşhur tarixi məscidlərindən sayılan bu tikilidə yerli daş və ağacdan istifadə edilib. Məscidin açıq düzbucaqlı həyəti və həm daxildən, həm də xaricdən yarımdairəvi mehrabı mövcuddur.

Səudiyyə Ərəbistanı Miras Qurumu bundan əvvəl Taifdə yerləşən bir sıra tarixi məkanları, o cümlədən Abdullah ibn Abbas və Əl-Mədhun məscidlərini milli memarlıq irsi siyahısına daxil etmişdi.

Abdullah ibn Abbas məscidi və türbəsi, Taif döyüşü şəhidlərinin qəbiristanlığı, həmçinin İmam Həsən (ə) və İmam Hüseynin (ə) ögey qardaşı olan Məhəmməd ibn Hənifə ibn Əli ibn Əbu Talibin (ə) məzarı, eləcə də Peyğəmbərin (s) oğlu, “Tahir” ləqəbli, Quran tərcüməçilərindən Abdullah ibn Məhəmmədin məzarı bu şəhərdə yerləşən böyük bir kompleksin tərkibindədir. Onların bəziləri min ildən artıqdır ki, dünyanın müxtəlif yerlərindən gələn müsəlmanların ziyarətgahı olmuşdur.

Abdullah ibn Abbas Peyğəmbərin (s) səhabəsi və görkəmli fiqh alimi idi. O, Şam, Mədinə və Taifdə xalq arasında dini elmlərin tədrisi ilə məşğul olmuşdur. Hicri 68-ci ildə vəfat etmiş və hazırkı qadınlar üçün nəzərdə tutulan ibadətgahın yanında dəfn olunmuşdur.

Onun vəfatından sonra müsəlmanlar, məzarı ətrafında bir məscid tikmiş və həmin məscidə “Abdullah ibn Abbas məscidi” adı verilmişdir.

4303164

captcha