IQNA

Səudiyyə Ərəbistanının baş müftisi və mübahisəli fətvaların sahibi vəfat etdi

10:37 - September 24, 2025
Xəbər sayı: 3498917
İQNA - Səudiyyə Ərəbistanı Krallıq Divanı, verdiyi mübahisəli və geniş reaksiyalara səbəb olan fətvaları ilə tanınan ölkənin baş müftisi Şeyx Əbdüləziz Ali Şeyxin vəfat etdiyini açıqlayıb.

“İQNA”-nın “Arabi 21”-ə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı Krallıq Divanı bu gün, çərşənbə axşamı, ölkənin baş müftisi və Böyük Alimlər Şurasının sədri Şeyx Əbdüləziz bin Abdullah Ali Şeyxin vəfatını elan edib.

Divan bildirib ki, onun cənazə namazı Riyadda yerləşən İmam Turki bin Abdullah məscidində əsr namazından sonra qılınacaq.

Həmçinin əsr namazından sonra Məkkədəki Məscidül-həramda, Mədinədəki Məscidün-nəbidə və Səudiyyə Ərəbistanının digər məscidlərində onun üçün qiyabi cənazə namazı da qılınacaq.

Əbdüləziz bin Abdullah Ali Şeyx, Səudiyyə Ərəbistanının baş müftisi, Məhəmməd bin Əbdülvəhhabın nəslindəndir. O, 30 noyabr 1943-cü ildə anadan olub. Ali Şeyx ailəsi Səudiyyə Ərəbistanının ən nüfuzlu və təsirli dini ailələrindən biridir və onun nəsli Məhəmməd bin Əbdülvəhhabla bağlıdır.

O, Quran təhsilinə Əhməd bin Sənan məscidində başlayıb. 1954-cü ildə İmam əd-Dəvah Elmi İnstitutuna daxil olub və 1962-ci ildə həmin institutun Şəriət fakültəsini bitirib. 1971-ci ildən İmam əd-Dəvah Elmi İnstitutunda müəllim kimi fəaliyyət göstərməyə başlayıb. Daha sonra Ər-Riyaddakı İmam Məhəmməd bin Səud İslam Universitetinin Şəriət fakültəsinə keçirilib və 1991-ci ilə qədər orada dərs deyib. 1999-cu ildə isə kral Fəhd tərəfindən Səudiyyə Ərəbistanının baş müftisi təyin olunaraq Əbdüləziz bin Bazın yerinə keçib.

O, Səudiyyə Ərəbistanının “əl-Mədinə” qəzetinə verdiyi müsahibədə demişdi: “Peyğəmbərin (s) mövludunu qeyd etmək əsassız bir bidətdir. Mən Peyğəmbərin (s) sünnəsində, Rəşid xəlifələrin və hidayət imamlarının yolunda mövlud qeyd etməyə dair heç bir dəlil görmürəm və bu əsasla Peyğəmbərin (s) mövludunu qeyd etmək haramdır.”

2012-ci ilin mart ayında İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisə istinad edərək, “Ərəbistan yarımadasındakı bütün kilsələrin dağıdılması” barədə fətva vermişdi. 2016-cı ildə isə ondan yayılan bir videoda şahmat və ona bənzər oyunların qumar ehtiva etdiyi üçün haram olduğunu elan etmişdi.

Şeyx Əbdüləziz Ali Şeyx elmi toplantı və seminarların daimi iştirakçısı olub. O, fətva verməklə yanaşı, Səudiyyə Ərəbistanında mühüm dini məsələlərə nəzarət edirdi və ölkənin radio və televiziya proqramlarında mütəmadi olaraq çıxış edirdi.

4306684

Teqlər: ərəbistan ، baş müfti ، fətva ، Riyad
captcha