“İQNA”-nın “əl-Rayə” qəzetinə istinadla verdiyi xəbərə görə, Qətərin Vəqflər və İslam İşləri Nazirliyi və Qatar Universiteti oktyabrın 1-də paytaxt Dohada iki beynəlxalq konfrans keçirəcək. Bu tədbirlərdən biri Qurani-Kərimlə bəşəri elmlərin münasibətini “يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ – [İnsanları] ən doğru və davamlı yola yönəldir” (İsra surəsi, 9-cu ayə) şüarı ilə araşdıracaq. Digər konfrans isə “Ümmətin Kitabı” adlı toplantı olacaq.
İlk konfrans “Qurani-Kərim və Bəşəri Elmlər: Hikmətə əsaslanan elmə doğru” adı altında İslam dünyasının müxtəlif ölkələrindən 18-dən çox tədqiqatçının iştirakı ilə keçiriləcək. Məqsəd, Qurani-Kərimin müasir insani və ictimai diskursun formalaşdırılması və istiqamətləndirilməsində mərkəzi rolunu bərpa etməkdir. Bu isə dini elmlərlə sosial və humanitar elmlər arasındakı uçurumu aradan qaldırmaq üçün bir körpü rolunu oynayacaq.
Təşkilatçılar bildirib ki, məqsəd dünyanın müxtəlif yerlərindəki müsəlman tədqiqatçıları Qurani-Kərimin məna və hikmətlərinin çıxarılması, onların müasir elmi reallıqda sistemləşdirilməsi, vəhy kəlamı ilə əlaqələndirilməsi və bu əsasda sosial və humanitar hadisələrin tədqiqinə yönəltməkdir. Bununla yanaşı, İslam baxışlarını möhkəmləndirmək və dini elmlərdə tədqiqatların gücləndirilməsi üçün humanitar və sosial elmlərdən faydalanmaq əsas hədəflərdəndir.
Qətərdə Qurani-Kərim və Bəşəri Elmlər mövzusunda keçiriləcək bu ilk illik beynəlxalq konfrans Qurani-Kərimlə onun dörd əsas elm sahəsinin formalaşmasına və təsirinə – pedaqogika, sosial elmlər, psixologiya və iqtisadiyyat – münasibətini müzakirə edəcək.
Konfrans, dini elmlər, sosial və humanitar elmlər üzrə tədqiqatçıları bu sahələrlə sistematik şəkildə qarşılıqlı əlaqəyə və bu elmlərə sərmayə qoymağa təşviq etməyi hədəfləyir.
İkinci konfrans isə “Ümmətin Kitabı” adlı ilk toplantı olacaq. Bu tədbir “Ümmətin Kitabı; Maarifləndirici töhfələr və yeni kəşflər” şüarı ilə keçiriləcək və məqsəd İslam mədəni maariflənməsini, müsəlmanların üzərinə düşən missiyanın müxtəlif yönləri barədə ayıqlığını artırmaqdır.
Bu toplantı həmçinin müsəlmanların mövcud çağırışlar qarşısında ayıq-sayıq olmasına, bu çağırışlarla necə davranmaq və onlarla necə üzləşmək barədə istiqamət göstərməyə çalışacaq.
Strateji mədəni layihə hesab edilən bu toplantıda 8 məqalə müzakirə olunacaq. Eyni zamanda, İslami dəyərlər işığında mövcud ictimai-siyasi dəyişiklikləri dərk edən, tarazlı müsəlman şəxsiyyətin yetişdirilməsi üçün yeni bir mədəni əsasın qurulması gündəlikdədir.
4307507