“İQNA”-nın “Arabi 21”-ə istinadla verdiyi xəbərə görə, sionist rejimi Qəzza zolağına qarşı müharibəyə başladığı gündən bəri yalnız bombardman və məhv etmə ilə kifayətlənməyib, həm də döyüşünü başqa bir silahla – media şirkətlərinin dəstəklədiyi pullu reklamlarla rəqəmsal müstəviyə daşıyıb.
Dünyada Fələstin hərəkatına xalq və insan haqları dəstəyi artdığı bir vaxtda, sionist rejimi Google və Meta kimi platformalarda Qəzzaya həmrəylik hərəkatlarını təhrif etmək üçün pullu reklam kampaniyalarını gücləndirib.
Bu kampaniyaların ən yenisi “Sumud Donanması”dır; bir sıra Avropa ölkələrindən onlarla gəminin iştirakı ilə dəniz mühasirəsini yarmaq və Qəzza zolağına yardım çatdırmaq məqsədilə başlanmış qlobal təşəbbüsdür. Sionist rejim isə bunu media və reklam hücumlarının hədəfinə çevirib.
Bu donanmanın hərəkətə keçəcəyi elan ediləndən sonra Əl-Cəzirənin araşdırma qrupu İsrailin təşkil olunmuş bir kampaniyasını izləyib. Buraya İsrail Xarici İşlər Nazirliyi kimi rəsmi hesablarla yanaşı, qeyri-rəsmi hesablar da daxil olub və məqsəd həmrəylik kampaniyasını “terror donanması” kimi təqdim etmək olub.
Sionist rejim kampaniyasında dövlət reklam agentliyi Lapam/IGAA-ya – İsraildə və xaricdə reklam kampaniyalarının icrasına cavabdeh rəsmi quruma – arxalanır. Qəzzaya qarşı müharibənin genişlənməsi ilə bu agentlik İsrailin beynəlxalq imicini düzəltmək və onun cinayətlərinə haqq qazandırmaq üçün əsas vasitəyə çevrilib.
“Al Jazeera Investigatesin Google”-un şəffaflıq aləti vasitəsilə apardığı təhlil göstərib ki, 7 oktyabr 2023-dən bəri bu agentlik beş mindən çox pullu reklam yayıb. Onların üç minə yaxını İsrailin özündə, qalanları isə Avropa və ərəb dünyasında, xüsusilə Almaniya, Böyük Britaniya və ABŞ-da hədəflənib.
Sionist rejim yayımladığı videolarda Qəzza zolağında aclığın mövcudluğunu inkar etməyə fokuslanıb və guya bu bölgənin humanitar böhrandan əziyyət çəkmədiyini göstərməyə çalışıb.
Bu reklamların yarısından çoxu YouTube izləyicilərinə yönəlib, qalanları isə Google axtarış nəticələrində çıxaraq Qəzza ilə bağlı açar sözlərdə yüksək yer tutub.
İsrail Maliyyə Nazirliyinin sənədləri göstərib ki, rejim 2025-ci ilin iyun–dekabr ayları arasında reklam kampaniyalarına təxminən 174 milyon şekel (51,8 milyon dollar) ayırıb və bunun 44,8 milyon dolları birbaşa Google platformalarına yönləndirilib.
İsrail mediasının məlumatına görə, bu kampaniyalara baş nazir Benyamin Netanyahu və Xarici İşlər Nazirliyinin rəsmilərinin iştirakı ilə hazırlanmış videolar da daxildir. Onların məqsədi “Qəzzada aclıq” iddialarına qarşı çıxmaq və İsrailin rəvayətini dünya auditoriyasına təbliğ etməkdir.
4307878