“İQNA”-nın “Sədyul-Bələd” saytına istinadla verdiyi xəbərə görə, Qətər Dövləti Vəqflər və İslam İşləri Nazirliyinin nəzarəti altında Xorvatiya Avropa Beynəlxalq Quran Müsabiqəsinin Katibliyi tərəfindən təşkil olunan 31-ci Avropa Quran Hifzi və Qiraəti müsabiqəsi 2025-ci il sentyabrın 25-dən 28-dək Zaqreb İslam Mədəniyyət Mərkəzində keçirilib.
Bu yarışmada 37 ölkədən 62 iştirakçı Qurani-Kərimin tam hifzi, on beş cüz hifzi, beş cüz hifzi və qiraət olmaqla dörd sahədə bir-biri ilə rəqabət aparıb. Müsabiqə üç mindən çox şəxsin iştirakı ilə baş tutub.
Mərasim Qurani-Kərim tilavəti və Xorvatiya müftisi şeyx Əziz Hasnoviçin açılış nitqi ilə başlayıb. O, Qətər heyətinin, ərəb və Avropa ölkələrinin səfirlərinin, həmçinin dövlət və diplomatik qurumların nümayəndələrinin iştirakına görə təşəkkürünü bildirib.
Münsiflər heyəti bir neçə ölkədən gəlmiş beş ekspertdən ibarət olub: Xorvatiyadan şeyx Əziz əl-İli (Komitə sədri), Qətərdən şeyx Yusif əl-Həmadi, Türkiyədən şeyx Hafiz Osman Şahin, İraqdan şeyx doktor Şirzad Əbdürrəhman Tahir və Livandan şeyx Bilal Barudi.
İki gün davam edən yarışdan sonra münsiflər heyəti yekun nəticələri elan edib.
Bağlanış mərasimində qaliblər Xorvatiya müftisinin və müsabiqənin baş katibi doktor Xalid Yassinin iştirakı ilə təltif olunub. Xalid Yassin çıxışında bu müsabiqələrin Quran qiraəti və hifzinə artan marağın göstəricisi kimi dünyada mühüm beynəlxalq tədbirlərə çevrildiyini bildirib. O, Qətər dövləti, bu ölkənin Vəqflər Nazirliyi və Küveytdəki Balkan Komitəsinin dəstəyinə görə təşəkkürünü çatdırıb.
Mərasimdə həmçinin Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad Nazirliyinə bağlı Kral Əbdüləziz Beynəlxalq Quran Müsabiqəsinin Quran xidmətindəki qabaqcıl səyləri də xatırlanaraq dəyərləndirilib.
Bu mərhələnin nəticələri belə olub:
Tam Quran hifzi üzrə
I yer: İbrahim Qasım (Yəmən)
II yer: Abdullah əl-Hümeyd (Səudiyyə Ərəbistanı Krallığı)
III yer: Məhəmməd Kuşə (Suriya)
On beş cüz hifzi üzrə
I yer: Mahmud Əhməd Hüseyn (Misir)
II yer: Məhəmməd Silimoviç (Bosniya və Herseqovina)
III yer: Məhəmməd Əli (Böyük Britaniya)
Beş cüz hifzi üzrə
I yer: İslam Dalibi (Şimali Makedoniya)
II yer: Məhəmməd Fali (Portuqaliya)
III yer: Məryəm Əmin Tabbax (Əlcəzair)
Qiraət üzrə
I yer: Süleyman Təlhə Cuxdar (Türkiyə)
II yer: Cumarlın Cumarlın (İndoneziya)
III yer: Muncur Əhməd (Hindistan)
Mərasim çərçivəsində İslam irsi sərgisi və Quran hifzi və qiraətinin inkişafı ilə bağlı maarifləndirici mühazirələr də keçirilib. Tədbir dua və iştirakçılarla qonaqların xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
4308436