“İQNA”-nın Qətər Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Qətərin Vəqflər və İslam İşləri Nazirliyi Qətər Universiteti ilə birgə təşkil edilən illik beynəlxalq “Qurani-Kərim və Bəşəri Elmlər” konfransında və ilk “Ümmətin Katibləri” toplantısında iştirak edən alim və tədqiqatçılara təşəkkür bildirib.
Təltif mərasimi Qətər Vəqflər və İslam İşləri Nazirliyinin müavini Şeyx Xalid bin Məhəmməd bin Ğanim Al Sani, eləcə də Qətər Universitetinin və bu ölkənin “İbn Xəldun” Sosial və Humanitar Elmlər Mərkəzinin bir sıra alim və akademiklərinin iştirakı ilə keçirilib.
Nazirliyin İslam Tədqiqatları və Araşdırmalar İdarəsinin direktoru Əhməd bin Məhəmməd bin Ğanim Al Sani bildirib: “Bu konfransın məqsədi Qurani-Kərimin bəşəri və ictimai elmlərdəki əsas mövqeyini bərpa etmək, İslam və humanitar elmlər arasında əlaqəni gücləndirməklə İslam ümmətində mədəni və intellektual dirçəlişə töhfə verməkdir.”
O əlavə edib ki, konfransda iştirak edən alimlər və tədqiqatçılar öz elmi məqalələri və araşdırmaları ilə bu tədbirin məzmununun zənginləşməsinə böyük töhfə veriblər və konfransın ikinci mərhələsinin 2026-cı ilin oktyabr ayında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, beynəlxalq “Qurani-Kərim və Bəşəri Elmlər” konfransının ilk mərhələsi sentyabrın 30-da Dohada keçirilib. Tədbirdə İslam dünyasının müxtəlif ölkələrindən 18-dən çox tədqiqatçı iştirak edib. Onların məqsədi Qurani-Kərimin müasir bəşəri və ictimai düşüncəyə rəhbərlik edən əsas mənbə kimi rolunu yenidən ön plana çıxarmaq, dini elmlərlə sosial və humanitar elmlər arasında körpü qurmaq olub.
Bu tədbirin məqsədlərindən biri də dünyanın müxtəlif ölkələrindən olan müsəlman tədqiqatçıları Qurani-Kərimin mənalarının dərki və onların müasir elmi reallıqla əlaqələndirilməsi istiqamətində bir araya gətirmək, alimləri vəhy kəlamı ilə yaxınlaşdırmaq və onların sosial və humanitar hadisələri Quran işığında araşdırmasına şərait yaratmaqdır.
4308920