IQNA

Müsəlman Alimlər Şurası İngiltərədə ibadət məkanlarına edilən hücumları pislədi

10:49 - October 07, 2025
Xəbər sayı: 3498992
İQNA - Müsəlman Alimlər Şurası bəyanat yayaraq İngiltərədə ibadət məkanlarına edilən hücumları pisləyib və ölkələri nifrət təbliğatı ilə mübarizəyə çağırıb.

“WAM”-ın məlumatına görə, Müsəlman Alimlər Şurası İngiltərədəki ibadət məkanlarına edilən hücumları kəskin şəkildə pisləyib və onları “cinayətkar hücumlar” adlandırıb. Bəyanatda bu hücumların insan və dini dəyərlərin ciddi şəkildə pozulması olduğu vurğulanıb.

Şura tərəfindən yayılan bəyanatda qeyd olunub ki, Brayton yaxınlığındakı Peasthaven qəsəbəsindəki bir məscidə və Mançesterdəki sinaqoqa edilən hücumlar nəticəsində ölüm və yaralanmalar baş verib. Bu hadisələr “ibadət məkanlarının müqəddəsliyinə açıq hücum, beynəlxalq qanunların pozulması, eləcə də terrorizm və ifratçılıq növüdür.”

Şura nifrət təbliğatının, irqçiliyin və islamofobiyanın artmasından narahatlığını bildirib və dinlər və mədəniyyətlər arasında dialoq, dözümlülük və sülh içində birgəyaşayış dəyərlərinin yayılması üçün beynəlxalq səviyyədə koordinasiyalı səylərə çağırıb.

Bəyanatda vurğulanıb ki, bu kimi hücumlar təkcə cəmiyyətlərin təhlükəsizliyini deyil, həm də sabitlik və ictimai sülhün əsaslarını sarsıdır.

Şura həmçinin nifrət və ifratçılığın təzahürlərini dayandırmaq üçün ciddi tədbirlər görülməsini tələb edib.

Müsəlman Alimlər Şurası bəyanatının sonunda 2019-cu ildə Əbu-Dabidə Əl-Əzhərin şeyxi, Müsəlman Alimlər Şurasının sədri doktor Əhməd ət-Tayyib və mərhum katolik kilsəsinin rəhbəri Papa Fransisk tərəfindən imzalanmış “İnsan qardaşlığı sənədi”nin müddəalarının icrasının vacibliyini vurğulayıb.

Şura qeyd edib ki, bu sənəd nifrət və parçalanma dalğalarına qarşı anlayış, qarşılıqlı hörmət və sülh dəyərlərinin təşviqi üçün qlobal mənəvi və insani istinaddır.

4309212

captcha